Bu, regional əməkdaşlığa təkan verəcək - AÇIQLAMA

  • 10:20 - 18 May

“Azərbaycanla Belarus arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir”. 

Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.


Deputat bildirib ki, Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək.  Azərbaycan ilə Belarus strateji tərəfdaş və dost ölkələrdir. Belarus ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı var. İki ölkənin əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Prezident İlham Əliyev dövlət başçılarının mətbuata bəyanatı zamanı deyib: “Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu”.  

Millət vəkilinin sözlərinə görə, hələ Ermənistanın işğalçılıq siyasəti dövründə Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. Cənab Prezidentin dediyi kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Öz növbəsində, Belarus Prezidenti Aleksandr Lukaşenko da çıxışında ərazilərimizin işğaldan azad edilməsini Azərbaycan son illərdə böyük nailiyyəti hesab edib və Belarus şirkətlərinin bu əraziərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu vurğulayıb: “Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”. 

Sevinc Fətəliyeva qeyd edib ki, Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri xüsusi vurğulanmalıdır: “Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur. Eyni zamanda, səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması qarşılıqlı münasibətləri daha da gücləndirəcək”.


Oxunma sayı: 3323

Oxşar yazılar