Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

  • 17:57 - 17 May

"İyulun 1-dən sonra taksi qiymətləri daha da artacaq, ən ucuz gediş haqqının 4,5 manat olması gözlənilir".

Avropa.info bildirir ki, bu bərədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edib ki, taksi xidməti sahəsində qiymətlər artsa da, keyfiyyət artmayıb:

"Arta da bilməzdi, çünki eyni avtomobillərdir, amma daha az sayda taksi xidməti göstərirlər. İqtisadiyyatın “qızıl qanunu” işə düşür – təklif azalır, tələb yerində qalır, nəticədə qiymətlər yüksəlir".

Xatırladaq ki, ötən ilin iyul ayında taksi şirkətlərində minimal qiymət 1 manat 60 qəpikdən 2 manat 50 qəpiyə qaldırılmışdı. 

Onu da qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq edib.

Tələblər “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun hazırlanıb, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.

Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

Taksilərin salonunda videokameralar olmalıdır. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

İyulun 1-dən sonra yaşı 8-dən az olan avtomobillərə taksi fəaliyyəti üçün icazə veriləcək və onlar 15 yaşları olanadək taksi kimi işlədilə biləcək. Həmin tarixdən yaşı 8-dən çox olan avtomobillərə taksi kimi fəaliyyət göstərmək üçün buraxılış kartı verilməyəcək. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. 8 yaşdan çox olanlara verilərsə, bu 15 illik son tarixi keçmiş olar.

Bundan başqa, iyulun 1-dən etibarən taksi sürücüsü işləmək istəyənlərdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sürücülük təlimindən keçmələrinə dair şəhadətnamə, avtomobilləri üçün buraxılış vəsiqəsi və buraxılış kartı da tələb olunacaq. 


Oxunma sayı: 2861

Oxşar yazılar