İran Azərbaycana qarşı yenidən fəallaşdı: Tehrandan verilən təlimatlar - FOTO

  • 15:09 - 17 May

Son günlər İran Azərbaycana qarşı yenidən fəallaşıb. Ölkənin ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbu orqanı sayılan "Keyhan" qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdidamiz ifadələr işlədib. 

Avropa.info xəbər verir ki, məqalə "Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!" başlığı ilə dərc olunub. Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.

Bu, İrandan Azərbaycana qarşı ilk belə hədə deyil. Zaman-zaman Azərbaycana qarşı hədələyici bəyanatlar həm İran parlamentinin deputatları, həm də müxtəlif rəhbər şəxslərin dilindən səslənib. 

Xameneyinin "danışan dili" olan qəzetin məqaləsi fonunda İranın Azərbaycana qarşı yeni-köhnə planı da işə salınıb. Belə ki, İran əvvəllər olduğu kimi, bu dəfə də "talış kartı"ndan Azərbaycana qarşı istifadə niyyətindədir.

Azərbaycana qarşı separatizmin alovlanmasına xidmət edən İran bu məqsədlə separatçı "Talış Muğan Muxtar Respublikası"dan istifadə edir. 44 günlük müharibədəki qələbədən sonra Azərbaycana qarşı təhdid xarakterli bəyanatların verildiyi xarici ölkələrdə özünü "Talış Muğan Muxtar Respublikası"nın "fəalları" adlandıran separatçılar xeyli dirçəliblər. 

Əlikram Hümbətovun ölümündən sonra özünü "Talış Muğan Muxtar Respublikası"nın "prezidenti" elan edən Boris Talışinski onun yolunu davam etdirir. Bu məqsədlə ən böyük dəstəyi isə İrandan alır. Təlimat almaq üçün İrana səfər edən Boris Talışinski ətrafına bir qrup özü kimi separatçını toplayaraq Əlikram Hümbətovun Hollandiyadakı məzarına baş çəkib, and içib. Lazımi təlimatlar aldıqdan sonra Almaniyada yerləşən "mühacir hökuməti"nin yenidən təşkil edilməsi barədə "fərman" imzalayıb. 

Kağız parçasından fərqi olmayan "fərman"da bildirilir ki, "TMMR"-in "mühacir hökuməti" istefaya göndərilir, "TMMR-nin sədru" vəzifəsi müvəqqəti Rəhim Mirzəyeva həvalə edilir, "TMMR"-in 10 gün ərzində təşkil edilməsi ona həvalə olunur. 

Bunlar Tehrandan verilən təlimatların ilk mərhələsidir. Ardınca Azərbaycana qarşı fəaliyyətin daha da genişləndirilməsi, separatçılıq əməlləri gələcək və bunun üçün xaricdəki, eləcə də İrandakı maliyyə mənbələrindən istifadə ediləcək. Son günlər Azərbaycana qarşı "talış kartı"nı dövriyyəyə buraxan İran, bu imkandan Azərbaycana qarşı istifadəyə başlayan bəzi dairələr yeni "kadr" axtarışlarına da başlayıblar. Bunun üçün Azərbaycandan Almaniyaya getmiş bəzi şəxslərdən də istifadə olunur ki, onların Almaniyaya səfəri ilə "talış kartı"nın aktivləşdirilməsi təqribən eyni zamana təsadüf edir. 

Boris Talışınskinin də "fərman" adlandırdığı kağız parçasında diqqəti çəkən bu məqam əsl məqsəddən xəbər verir. 

"Sənəddə" deyilir ki, son zamanlar mühacir hökumətin bəzi üzvlərinin passiv fəaliyyəti və həm də regionda mövcud tələbləri nəzərə alaraq "TMMR-nin mühacir hökuməti"nin istefasını elan edilir və yenidən formalaşdırılmasına başlanılır. Yəni açıq şəkildə qeyd olunur ki, Azərbaycana qarşı "talış kart"ında yeni oyunçular peyda olub və onlardan biri də Fuad Cəlilovdur. O Fuad Cəlilov ki, Azərbaycanda yaşadığı dövrdə də sosial şəbəkələrdə separatçı fikirlərə kifayət qədər yer verib, buna görə dəfələrlə etirazla qarşılanıb. İndi isə Almaniyaya gedərək İranın və Avropadakı bəzi dairələrin yaratdığı imkanlardan gen-bol yararlanmaqla açıq şəkildə Azərbaycana qarşı seperatçılıq fəaliyyətinə başlayıb. 

Fuad Cəlilov Azərbaycanda telekanallardan birinin əməkdaşına qarşı işlətdiyi ifadələr, sosial şəbəkələrdə İrana simpatiyası, güya talışlara qarşı ayrı-seçkilik olmasına dair fikirləri ilə tanınıb. Bu məsələdə də özünün separatçı düşüncələrinə haqq qazandırmağa çalışan F.Cəlilov daha sonra sosial şəbəkədə publik şəkildə ifadələrinə görə üzr istəyib. Ancaq görünür, bu, özünü pərdələmək məqsədi daşıyıb, onun Azərbaycanda olarkən göstərdiyi fəaliyyətə görə kimdən güc alması o Avropaya qaçandan sonra bəlli oldu. Novruzəli Məmmədov, Fəxrəddin Abbaszadə, Aslan Qurbanov kimi məsuliyyətdən yaxa qurtara bilməyəcəyini görərək havadarlarının yanına qaçıb. Azərbaycanda olduğu müddətdə də dəfələrlə getdiyi İran səfərindən yəqin ki, əliboş dönməyən F.Cəlilov indi bəzi dairələrdə özünü "talış xalqının gələcək lideri" kimi təqdim edir. Avropada məskunlaşan Boris Talışinski, Ataxan Əbilov, Rəhim Mirzəzadə ilə birləşərək daha mütəşəkkil fəaliyyətə başlayıb. 

Boris Talışinskinin verdiyi son "qərarlarda" Fuad Cəlilovun təsiri açıq-aydın görünür. Məlumata görə, "mühacir hökumət" deyilən separatçıların qondarma qurumunun özünü buraxması və yeni tərkibin formalaşması birbaşa Fuad Cəlilovun təsiri nəticəsində baş verib. Məlumata görə, Fuad Cəlilov Hollandiyada sığınmış Ataxan Əbilova məxsus "ATİŞ" TV-də , Hollandiyada məskunlaşan digər separatçı Ruslan Almazzadəyə məxsus "Kaspi 1"-də, İsveçdə məskunlaşan başqa bir separatçı Əli Ağayeva məxsus "Zizə" TV-də vaxtaşırı çıxış edərək guya Azərbaycanda yaşayan talış aktivistlərin təzyiqə məruz qaldığını, təhdid edildiyini deyir. O, güya talış xalqının milli azlıq olaraq konstitutsiyada göstərilən hüququnun təmini üçün fəaliyyət göstərdiyini iddia etsə də, əslində separatçılığı təbliğ etməklə məşğuldur.

Elə Əlikram Hümbətovun məzarı başında çəkilən fotodakı poz da bunu deməyə əsas verir. Amma Azərbaycanda separatçıların aqibətinin necə olduğu bütün dünyaya, elə "talış kartı"nı yenidən dövriyyəyə buraxan dairələrə də yaxşı məlumdur.

sosialmedia.az


Oxunma sayı: 3037

Oxşar yazılar