Gürcüstanda GƏRGİNLİK: Etirazçılar parlament binasına girməyə çalışdılar - Polislə TOQQUŞMA

  • 10:31 - 15 May

Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsinə etiraz edənlər parlament binasının yaxınlığındakı hasarı sındırmağa çalışıblar. 

Avropa.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Etirazçılarla polis arasında toqquşma olduğu bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını qanundan kənara çıxmamağa və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.

“Biz aksiyanın hər bir iştirakçısını qanunla müəyyən edilmiş dinc çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırırıq. Bütün pozuntulara müvafiq qaydada cavab veriləcək”, - deyə nazirlikdən bildirilib.

Xüsusi təyinatlıların artıq etirazçıları saxlamağa başladığı bildirilir.

Bu arada parlamentdə, mayın 14-də yerli vaxtla saat 17:00-dan etibarən Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi aktivləşdirilib. Bu barədə ölkənin qanunverici orqanının məlumatında deyilir.

Xatırladaq ki, dünən səhər saatlarında Gürcüstan parlamenti mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Plenar iclas 4 saata yaxın davam edib.

Sənədin qəbulunun lehinə 84 deputat, əleyhinə isə 30 deputat səs verib.

Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını və KİV-ləri xüsusi reyestrdə qeydiyyatdan keçməyi və illik bəyannamə doldurmağı öhdəsinə götürür.

Hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan qanun layihələri ölkədə kütləvi etirazlara səbəb olub.

Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət partiyaları qanun layihəsini Rusiyayönümlü hesab edərək ona qarşı çıxırlar.

Zurabişvili bəyan edib ki, xarici agentlər haqqında qanun layihəsi üç oxunuşda qəbul olunarsa, ona veto qoyacaq.

 

Sənəd keçən il qanun layihəsinin birinci variantı müzakirə edilən zaman kütləvi etirazlara səbəb olmuşdu.


Oxunma sayı: 2388

Oxşar yazılar