Ermənistanda terror hadisəsi EHTİMALI: Paşinyan hansı qərarı verəcək?

  • 17:37 - 14 May

“Revanşizm və müharibə meylləri üzərindən Ermənistanda hakimiyyəti dəyişmək yox, yalnız qəsb etmək mümkündür”.

Avropa.info xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən aksiyaların nəticəsi, buna qarşı baş nazir Nikol Paşinyanın ata biləcəyi addımlardan danışan politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanda Nikol Paşinyanın istefasına yönələn aksiyalar nəticəsiz qalacaq.

“Qütblərarası ziddiyyətlər o qədər dərindir ki, ortaq razılaşmanın əldə olunacağı gözlənilmir. Çünki Paşinyanın istefa ilə bağlı hər hansı fikri yoxdur. Nəticə etibarilə Vətən müharibəsindən sonra ona qarşı başladılan aksiyaları nəzərə alsaq, hazırkı vəziyyət heç də fərqlənmir. Lakin indiki qarşıdurmalar prosesin daha ziddiyyətli hal almasına gətirib çıxarır. Belə olan təqdirdə isə hərbi çevrilişin baş verməsi, yaxud hansısa terror hadisəsinin törədilməsi ehtimalı yüksəkdir”, – deyə politoloq bildirib.

Həmçinin Elçin Mirzəbəyli qeyd edib ki, Qütblər fərqli olsa da, hazırda keşiş Baqrat Paşinyanın prototipidir:

“2018-ci ildə Nikol Paşinyan bel çantası ilə insanların arasından hakimiyyətə yeridisə, Baqrat da eyni yolu getməyə çalışır. Onda “sadə, xalqın arasında çıxan adam” obrazı formalaşdırılır ki, bu da ortaya atılan siyasi texnologiya elementidir. Lakin Baqratın sabiq Ermənistan prezidentləri və müharibə caniləri ilə görüşündən sonra aksiyaları tərk edənlərin sayı artıb. Revanşizm və müharibə meylləri üzərindən Ermənistanda hakimiyyəti dəyişmək yox, yalnız qəsb etmək mümkündür”.


Oxunma sayı: 1728

Oxşar yazılar