İran nüvə silahı istehsalı ilə bağlı strategiyasını DƏYİŞƏ BİLƏR - Xamneyi fətvasını geri götürür?

  • 12:04 - 13 May

İsrailin nüvə şantajı olacağı təqdirdə, İran nüvə silahı istehsalı ilə bağlı strategiyasını dəyişməli olacaq. 

Avropa.info xəbər verir ki, bu barədə İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranda keçirilən Ərəb-İran dialoqunun iclasında bildirib. 

Xərrazi bölgədə İsraildən qaynaqlanan nüvə silahı probleminin olduğunu deyib. 

“Biz hələ də nüvə silahından azad bir bölgə istəyirik və bu ideyanı dəstəkləməyə davam edirik, lakin nüvə silahına malik olan İsrail tərksilah olunmayana qədər bölgədə sülh və təhlükəsizlik olmayacaq”, - deyə o bildirib. 

Xərrazi deyib ki, İsrail region ölkələrini təhdid edir və buna görə də bölgə nizamsızdır. 

“Əgər hər hansı ölkə İranı nüvə silahı ilə təhdid etmək istəsə, biz nüvə doktrinamıza yenidən baxa bilərik. İnqilab rəhbərliyinin (Xamenei) nüvə silahının qadağan olunduğuna dair fitvası var, lakin düşmən sizi təhdid edərsə, doktrinanızı dəyişdirməlisiniz”, - deyə İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri xəbərdarlıq edib. 

İranın ali dini lideri Əli Xamneyi 2000-ci illərin əvvəllərində ölkədə nüvə silahının hazırlanmasını və ya istifadəsini qadağan edən fətva verib. 

Aprelin 1-də İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumundan sonra ölkədəki bəzi siyasətçilər Xamneyinin fətvasının dəyişə biləcəyini və Tehranın da nüvə silahı istehsalına başlaya biləcəyini bildiriblər. 

İran parlamentinin Ali Milli Təhlükəsizlik Şurasının üzvü Cavad Kərimi Quddusi bildirib ki, fətva dəyişdirilərsə, bir həftə ərzində ilk nüvə sınağı keçiriləcək. İranlı deputatın postu İran ictimaiyyətinin hiddətinə səbəb olub. 

İran prezidenti İbrahim Rəisi aprelin 27-də deyib ki, Xamneyinin fətvasına əsasən, İranın nüvə və müdafiə doktrinasında nüvə silahının istehsalına yer yoxdur. 

MAQATE-nin baş direktoru Rafael Mariano Grossi deyib ki, Tehran istəsə, “bir neçə” nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.


Oxunma sayı: 2938

Oxşar yazılar