Bu, Azərbaycanın yaratdığı reallıqların dünya gücləri tərəfindən qəbuludur - AÇIQLAMA

  • 15:44 - 05 Aprel

“Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması diqqətdən kənarda qalmır. Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Ədalətə və beynəlxalq hüquqa söykənən  xarici siyasətimiz diplomatik uğurlarımızın  davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Hər bir tədbir, həmçinin reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Azərbaycanın iqtisadi imkanları geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji,  energetika,  mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. O da məlumdur ki, Konqo təbii resurslarla zəngin,  neft hasil və ixrac edən ölkədir. Konqo inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialına malik olması beynəlxalq səviyyədə təqdir edilir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi edəcək. Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında COP29 xüsusilə diqqətdə oldu”.

Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Deputat vurğulayıb ki, Prezident Deni Sassu-Nqesso  bəyanatında  Konqonun Azərbaycanın  yaxınlarda digər ağır mübarizə  - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayır: “Çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Onu da bildirdi ki,  ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayır, Azərbaycan rəsmilərini iqlim dəyişikliklərinə qarşı mübarizədə Konqonun  yanında olmağa dəvət edir. Bu mühüm məqamı da qeyd etməliyik ki, Konqo Prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  məzmun, mahiyyət nöqteyi-nəzərindən  bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və  əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.  Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək”.

Əliabbas Salahzadə Azərbaycan-Konqo münasibətlərinin dünəninə qısa nəzər salaraq qeyd edib ki, Azərbaycanın ümumilikdə  Afrika ölkələri ilə yaxşı əlaqələri mövcuddur: “Cənab İlham Əliyev mətbuata bəyanatında da bu faktı xususi diqqətə çatdırdı ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi”.

Deputat onu da vurğulayıb ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən  müsbət qarşılanır və dəstəklənir: “Cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın xarici siyasətinin uğurlarından, hədəflərdən danışarkən onu da vurğuladı ki, Qoşulmama Hərəkatına sədrlik dövründə  prioritetlərimiz sırasında  neokolonializmə qarşı mübarizə məsələləri dayandı. Bu gün də bu belədir. Xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu hazırda  dünya miqyasında böyük hörmətə malik olan qurumdur”.

Əliabbas Salahzadə Azərbaycanın dünyaya sülh, əməkdaşlıq çağırışlarından, təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımlardan geniş bəhs edib: “Ölkəmizin tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü təmin etmək üçün Ermənistana sülh təklifini etməsi də bunun bariz nümunəsidir. Bəzi dünya gücləri bu prosesin  qarşısını almaq, regionda gərginlik yaratmaq üçün cəhdlər göstərməkdə davam edirlər. Aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etməsi, Azərbaycanın haqlı iradlarına baxmayaraq bu gün  Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında  üçtərəfli görüşün keçirilməsinin nəzərdə tutulması və sair kimi addımlar hazırlanan ssenarilərin mahiyyətinin açıqlanmasında yardımçıdır. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin dövlət başçısı İlham Əliyevə zəng edərək  üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirməsi ölkəmizin söz sahibliyinin, yaratdığı reallıqların dünya gücləri tərəfindən qəbul olunmasının nümayişidir”.

Deputat belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti daim uğurlarının davamlılığını, dünya miqyasında nüfuzunun artmasını şərtləndirir: “Bu gün Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyini daha da möhkəmləndirir. Dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən Azərbaycanın bərpaolunan enerji sahəsində də təcrübəsinin öyrənilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. COP29 bu çağırışların və onların fonunda yeni əməkdaşlıqların təqdimatı olacaq”.

 

Avropa.info


Oxunma sayı: 15577

Oxşar yazılar