Mədəniyyət Nazirliyi yanında İctimai Şura paytaxtın mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirib

  • 13:37 - 02 Mart

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabe müəssisələr üzrə ictimai dinləmə keçirib. Baş İdarənin tabeliyindəki müəssisələrin 300-dən çox nümayəndəsinin, İctimai Şura ekspertlərinin, fəxri qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Avropa.info xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı giriş nitqi ilə çıxış edərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışıb. 

“İctimai Şuranın bu formatda tədbir keçirmə təşəbbüsü ilə çıxış etməsinin özəl səbəbləri var. İstəyirik ki, mədəniyyət işçilərinin problemlərini, müəssisələrin qayğılarını məhz ilk qaynaqdan dinləyək; şəffaflıq, açıqfikirlilik təmin olunsun. İctimai dinləmənin keçirilməsinin ikinci önəmli səbəbi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin ötən iki illik dönəmdə gördüyü işlərlə yaxından tanış olmaqdır. Beləliklə, cəmiyyətdən gələn istəklər, o istəklərin nə dərəcə və keyfiyyətdə qarşılanması ilə, Baş İdarənin müvafiq fəaliyyət istiqamətlərində tətbiq etdiyi yeniliklərlə, üzə çıxan problemlərlə tanış olacaq, onları sağlam müzakirəyə cəlb edəcəyik”, - deyə o qeyd edib.

Ə.Qoşalı İctimai Şuranın yaxın vaxtlarda mədəniyyət sahəsindən yazan jurnalistlər və mədəniyyətyönümlü QHT-lərlə müzakirələr keçirmək niyyətində olduğunu da bildirib.

İctimai dinləmədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev hesabat məruzəsi ilə çıxış edərək görülən işlər barədə geniş məlumat verib. İdarə rəisi bildirib ki, hesabat dönəmində kitabxanaların kitab fondu 2 milyon 283 mindən, oxucu sayı 425 mindən çox olub, virtual oxucuların sayı isə 43,5 minə çatıb. Ötən il Heydər Əliyev mərkəzlərini və muzeylərini 60 min nəfər ziyarət edib.

İ.Əliyev iştirakçıların diqqətinə çatdırıb ki, 2022-ci ilin "Şuşa İli" elan olunması ilə bağlı mədəniyyət müəssisələri tərəfindən 643 tədbir keçirilib. 2023-cü ildə isə "Heydər Əliyev İli" çərçivəsində 370 tədbir təşkil olunub.

“Büdcədənkənar kurs haqlarının “onlayn” formada həyata keçirilməsi üçün hesablamalar sisteminin (“Billing sistemi”) avtomatlaşdırılması prosesinin həyata keçirilməsinə görə proqram təminatının alınması yönündə müvafiq işlər görülüb. Qeyd edilən proqram müəllim və şagirdlərin, müqavilələrin qeydiyyatına, “onlayn” ödənişə şərait yaradıb” - Baş İdarə rəisi bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İctimai Şuranın sədr müavini Vüqar Qədirov öz çıxışlarında mədəniyyəti fundamental kateqoriya olaraq şərh edib, ictima dinləmənin, dövlət-vətəndaş cəmiyyəti institutları əməkdaşlığının önəminə vurğu ediblər.

Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova, “Cəngi” Estrada Folklor Ansamblının bədii rəhbəri, Xalq artisti Mircavad Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ziyavər Əhmədova, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vəfa Quliyeva, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktor əvəzi Yeganə Məmmədova, “Bakı” Rəsm Qalareyasının direktoru Eldəniz Babayev, “HüsnArt” Sənət Mərkəzinin rəhbəri, Xalq rəssamı Arif Hüseynov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi Nihad Allahyarlı, İctimai Şuranın üzvləri - Samirə Mustafayeva, Ülviyyə Bəbirova, Adilə Nəzər, Xanoğlan Əhmədov və b. çıxışlarında həllivacib problemlərə toxunaraq, ictimai dinləmə ilə bağlı öz təəssüratlarını bölüşüblər və mədəniyyətimizin inkişafı istiqamətində görülməli işlərdən danışıblar.

Hesabat yığıncağında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb.

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 11980

Oxşar yazılar