Zamanın tərs axını və ya yaddaşın qiyaməti - Vaqif Sultanlının hekayələr kitabı haqqında - Məti Osmanoğlu yazır

  • 15:00 - 15 Fevral

Vaqif Sultanlının "Tərs axın" hekayələr kitabı bir müəllifin timsalında son yarım əsrdə zamanın bədii sözdəki axını (həm düzünə, həm də tərsinə), ədəbiyyatın keçdiyi yol (həm enişli, həm yoxuşlu) barədə mülahizə yürütmək, eləcə də yazıçının yaradıcılığında baş verən keyfiyyət dəyişmələrinə nəzər salmaq baxımından əhəmiyyətlidir.

Bədii söz yaradıcılığından bəhs etməzdən əvvəl Vaqif Sultanlının ədəbiyyat tarixi ixtisasının professoru olduğunu, universitetdə Azərbaycan ədəbiyyatı tarinin XX-XXI əsrlər dövrünü tədris etdiyini, ədəbiyyatın nəzəri problemlərinə dərindən bələdliyini xüsusi vurğulamağın faydalı olacağını düşünürəm: Vaqif müəllim ədəbiyyatda nəyin nə olduğunu, bədii sözün haradan gəlib haraya getdiyini peşəkar səviyyədə bilir və bunun dərsini verir. 

Vaqif Sultanlının ilk hekayəsi 1980-ci ildə nəşr olunub. Söz meydanında böyük xidmətləri olmuş "altmışıncılar" ədəbi nəsli həmin dövrdə öz missiyasını tamamladığını və yeni axtarışların zəruriliyini hiss etməmiş deyildi. Bu haqqı da danmaq olmaz ki, tarixin və ədəbiyyatın yeni zamanının çağırışlarına səs verənlərin önündə gələnlər də elə "altmışıncıların" özləri idi...

O illərdə ədəbiyyatın bəzən öz keçmişindən, xüsusilə 1960-cı illərin romantik əhval-ruhiyyəsindən ayrılmağa çətinlik çəkdiyini qeyd etməklə yanaşı, ədəbiyyatın zamanı ilə tarixin zamanının axınları arasında dərin ziddiyyətdən daha çox, ilk baxışda gözə çarpmayan uyum olduğunu düşünürəm, bunlar bir-birini tamamlayırdı, ədəbiyyat zamanın gedişatını doğru hiss edirdi. 1970-80-ci illərdə "Məhşər" (İsa Muğanna), "Qiyamət" (Çingiz Aytmatov), "Qətl günü" (Yusif Səmədoğlu), "Ölüm hökmü" (Elçin) motivini roman sərlövhəsinə gətirən bədii söz ürəyədamma əhvalı ilə yaşayırdı. 1980-ci illərin ortalarında İsa Muğannanın Azərbaycan ədəbiyyatında "altımışıncıların" manifesti hesab olunan "Yanar ürək"dən imtina edib, "İdeal"a tapınması təəccüb doğurduğu qədər də bədii sözün təkamülünü izələmək baxımından üzərində düşünülməyə dəyən hadisə idi...

Həmin illərdə zahirən durğun görünən cəmiyyətin ziddiyyətləri isə getdikcə dərinləşir və qəlizləşir, ictimai proseslərin axını burulub tərsinə dönür, yeni məcraya çıxa bilmirdi. Vaqif Sultanlının 1988-ci ildə nəşr etdirdiyi publisistik yazılardan birinin başlığı o zamanın ədəbiyyatındakı ictimai mənzərəni dəqiq ifadə edirdi: yazı "Ziddiyyətlər burulğanında" adlanırdı və cəmiyyət də, ədəbiyyat da burulğandan çıxa bilməyəcəkdi.

Vaqif Sultanlının 2023-cü ildə nəşr etdirdiyi "Tərs axın" hekayələr kitabının adı ilə 1980-ci illərin burulğanı arasında səsləşməni görməmək mümkün deyil. Zamanın və məkanın tərs axın yönündən təqdimi isə müəllifin "Səhra savaşı" romanında sınaqdan keçirildi. Roman boyu Qoca tarixin xarabaları arasından irəli, keçmişə doğru yol gedir, onu "zamanın tərs axını elə sürətlə aparırdı ki, o bu sürətin ahənginə uyuşa bilmir, bircə anlıq dayanıb düşünməyə, illərin xatirəyə çevirdiklərinin təkrar gerçəkliyə dönüşünün içəri dünyasındakı yaşantılarını çək-çevir etməyə imkan tapmırdı".

"Səhra savaşı"nda Qoca zamanın tərs axınına düşdüyü kimi, hekayələrin əksəriyyərində müxtəlif rakurslardan göstərilən insanlar da zamanın və məkanın fövqündə təqdim olunur. Kitabda hekayələrin xronoloji ardıcıllıqla deyil, tərs axın məntiqi ilə düzülməsi də müəllifin niyyətini ifadə edir.

Yazılma tarixinin xronologiyası baxımından buradakı hekayələrin ən "yaşlısı" "Yovşan ətri"dir. Bu həm də Vaqif Sultanlının mətbuatda nəşr olunmuş ilk nəsr əsəridir. Müəllifin qeydinə əsasən, hekayə 1978-ci ildə Bağçasaray, Yalta və Bakı şəhərlərində yazılıb. Hekayənin doğulma məkanları Vaqif Sultanlının yaradıcılıq yolunu izləmək baxımdan maraqlıdır. Səyahət etməyi çox sevən Vaqif müəllimin sonrakı bədii əsərlərinin əksəriyyəti dünyanın fərqli coğrafiyalarında araya-ərsəyə gəlib.

"Yovşan ətri" hekayəsində ilk ağıla gələn əsərin yazıldığı zamanın ədəbiyyatdakı ətridir. O vaxt universitet tələbəsi olan gənc yazıçının hekayəsinin qəhrəmanı da tələbədir. Hekayənin ilk cümləsində həmin tələbə əlində çamadan "günün hərarətindən cadar-cadar olmuş, göz işlədikcə uzanan yovşanlı düzənlərin arası ilə kəndə gedən işlək yolla ... addımlayır". 

O vaxt şəhərdən kəndə gələn və kənddən şəhərə gedən tələbə (gənc) obrazları ədəbiyyat üçün yeni hadisə deyildi. Vaqif Sultanlının hekayəsində isə çoxluqdan seçilən iki fərqli məqam var idi: birincisi, ilkin yaddaşla XX əsrin sonunun, urbanizasiya dövrünün insanı arasında rabitə yaradan yovşan ətri motivi. Hekayənin doğulma məkanları ilə tarixə hopmuş yovşan ətri motivi arasında da şüuraltı səsləşmə olduğunu qeyd etmək mümkündür. Türk yaddaşının dərinliyindən gələn, bir sıra yazıçıların (Qazaxıstanda Moris Simaşko, Rusiyada Murad Aci kimi) əsərlərində müşahidə olunan bu motiv sonradan Vaqifin bədii yaradıcılığının sədaqətli müşayiətçisinə çevriləcəkdi. "Yovşanlı çöllərin üstü ilə ağır-ağır çıxıb gedən duman qocanın ömrünə çökən sonuncu duman olacaqdı" ("Səhər dumanı"); sevgilisi Yaxşının sorağı ilə düzlərdən keçib dağlardan aşan aşıq "görüş yerinə" - Yaxşının qəbrinə yaxınlaşanda "havadan yovşan ətri gələcəkdi" ("Görüş yeri"); bu dünyanın çəpik səslərindən cana doyan insanı "su səsi, külək səsi, yovşan ətri... ixtiyarsız olaraq bu günündən alıb, keçmişə aparacaqdı" ("Ada"); Birinci Qarabağ müharibəsi vaxtı qaçaqaçda yurdundan didərgin düşmək məcburiyyətində qalan itin boynunu sahibi "kəndin ətəyində yovşanlı düzənliyin arası ilə uzanan çınqıllı yolda ... son dəfə qucaqlayacaqdı" ("Vətən"); adilikdən çıxıb qarşı sahildə qeyri-adilik axtaran insan "qumlu səhralardan, yovşanlı, yulğunlu çöllərdən... keçərək günlərlə yürüsə də, yolun sonuna vara bilməyəcəkdi" ("Gil ovsun").

Vaqif Sultanlının bədii yaradıcılığının ilk dövründən başlayaraq onun əsərlərinin içindən keçən daha bir motiv də yoldur. Başlanğıcda, 1980-ci ildə qələmə alınmış hekayədə bu, ağ yoldur və həmin yoldan da yovşan ətri gəlir: "Bu ağ yol kəndin ətəyindən başlayaraq yovşanlı düzənlərin içərilərinə doğru uzanıb gedirdi" ("Ağ yol"). Sonradan həmin yol irreal məkana və zamana uzanacaqdı. Beləliklə, Vaqif Sultanlının istər ilk hekayələrində, istərsə də sonradan qələmə aldığı pritçalarda yovşan ətri və yol motivini mətnlə oxucu arasında yaddaşın rabitəsini quran bir vasitəçi kimi görürük. Yaddaşın zamanı isə yazıçının da, oxucunun da şüurunun və iradəsinin ötəsindədir...

İlk hekayədə diqqəti cəlb eləyən daha bir mühüm məqam gənc müəllifin bədii sözlə davrana bilmək mədəniyyəti, tanış mövzuya bədii don biçə bilmək, tanış həyat faktını orijinal bədii həqiqətə çevirə bilmək məharəti, sakit, durğun görünən həyatın içindən hekayə çıxartmaq bacarığı idi. İki günlüyə kəndə, ata ocağına gələn, anasının xatirəsi ilə yovşan ətrinin əsarətindən çıxa bilməyən tələbə kənddən şəhərə böyük ağrı ilə qayıdır. Səhərdən axşama qədər işləyən, oturub oğlu ilə söhbət eləməyə vaxt tapa bilməyən kəndlinin cibində tələbə oğlunu yola salmağa pulu yoxdur, o, pul üçün qonşunun üstünə getməli olur. Hekayənin ictimai qayəsi də elə bunun üzərində qurulub, atanın qonşudan aldığı borc pulu cibinə qoyan (tələbə oğlanın ona ömürlük ağrı yükləyən borc puldan imtina etmək seçimi yoxdur) oğul şəhərə gedəcək, ömür boyu yovşan ətirli yurdun ağrısı, vicdan borcunun əzabı ilə yaşayacaqdı...

İlk hekayələrində Vaqif Sultanlı çoxumuzun müşahidə etdiyi, fərqinə varmadığımız faktlardan bədii düşüncə üçün faydalı xammal kimi istifadə etmək və həmin "xammalı" yüksək ustalıqla emal edə bilmək bacarığını nümayiş etdirə bilmişdi.

Aydınlıq üçün qeyd edim ki, Vaqif Sultanlı ilə mən universitetdə eyni illərdə təhsil almışıq. O vaxtın tələbə həyatının ən maraqlı məkanı, yəqin ki, yataqxana idi. Macəralarla dolu yataqxana həyatının özünəməxsus adətləri, məişəti və yaşayış tərzi vardı, hamımız buradakı "insan mənzərələrinin" yaranmasında eyni dərəcədə iştirak edirdik. Bu mənzərələrin bir detalı da qızların yataqxanasına oğlanların buraxılmaması idi. "Əgər qızları çağırmaq lazım olsa, burada yaşayanlardan kiməsə otağın nömrəsini, bir də çağıracaqları adamın adını deyirlər. Yuxarı qalxan tələbə də gedib çağıracağı adamın qapısını-filanı döyüb eləməz, elə dəhlizdəncə səsləyər... Elə buna görə də yataqxanada bir nəfəri aşağı çağırsaydılar, beş mərtəbənin beşi də bu çağırışı eşidərdi".

"Xurmayı saçlar" hekayəsini oxucuya təqdim edən təhkiyəçinin (mətndən onun oğlanlar yataqxanasının sakini olduğu anlaşılır) söylədikləri qızlar yataqxanası ilə üzbəüz yataqxanadan müşahidə elədikləridir. Xurmayı saçlı qızı və onu sevən oğlanı nə təhkiyəçi tanıyır, nə də oxucu. Qızla oğlanın münasibətlərinin təfərrüatları da təhkiyəçinin və oxucunun "görüş məsafəsindən" kənardadır. Buna baxmayaraq hekayə müəmmalarla dolu qəmli bir sevgi tarixçəsi kimi qavranılır...

Qəhrəmanlarını və təhkiyəçini iki yataqxana arasındakı məsafədən tanıdığımız bu hekayə Vaqif Sultanlı yaradıcılığının fərqli bir təmayülünün başlanğıcı kimi də maraqlıdır: burada gənc müəllif xarakter yaratmaqdan, xarakteri yetişdirən ictimai mühiti izləməkdən daha çox, ümumiləşdirmə aparmağa, pritça ənənəsini müasir nəsr poetikası ilə stilizasiya etməyə cəhd eləmişdi. Azərbaycan ədəbiyyatında köklü ənənələri olan pritçalarda və ya hekayətlərdə xarakterlərin daxili aləminin açılması, psixoloji konfliktin incələnməsi mütləq deyil, hadisələrin hansı məkanda və hansı zamanda baş verməsi şərti səciyyə daşıyır. Burada fikrin çoxqatlılığı, oxucuya sözün altından söz çıxartmaq imkanlarının yaradılması, oxucunun yozum sərbəstliyinə üstünlük verilməsi səciyyəvidir. Həyat və ölüm, xeyir və şər, sədaqət və xəyanət, sevgi və nifrət kimi əbədi suallar qaldıran, həmin sualları zamanın işığına tutan pritçalardakı detallar, obrazlar simvollaşdırılır, rəmzi məna daşıyır.

Bu keyfiyyət Vaqif Sultanlının 2015-ci ildə nəşr etdirdiyi "Səhra savaşı" romanında özünü daha bariz göstərir. Romanda hadisələr zamanın o biri üzündən təqdim olunur. "Tərs axın" kitabında toplanmış hekayələrin də böyük əksəriyyətində hadisələr zamanın fövqündə baş verir. Müəllif bu pritçalarda da öz yaradıcılıq prinsipinə sadiqdir - tanış əhvalatları, hər kəsin başına gəlməsi mümkün olan vəziyyətləri bədii mətn materialına çevirmək ustalığını nümayiş etdirir. Kitabdakı "Budda heykəli" hekayəsində təqdim olunan mühit - professorun mühacirət etməzdən əvvəl uzun müddət işlədiyi məkan mənə yaxşı tanışdır. Lakin zaman keçdikcə tanış məkanın içində yetişən həyatın tanış gerçəkliyinə hekayədə zamanın xaricindən baxılır, gözlə müşahidə olunan gerçək məkan və həmin məkanda baş verənlər hər bir oxucunun sərbəst şəkildə yoza biləcəyi şərti işarəyə, simvola çevrilir. Gözdən uzaq olanın könüldən qırağa düşməsi yalnız şəxsi ünsiyyət rabitəsinin qırılmağından, professorun qürbətdə yaşamasından irəli gələn məsələ deyil, alimini, düşüncə adamını özündən uzaqlaşdıran cəmiyyətdə gedən cırlaşma, keyfiyyətsizləşmə ilə bağlı ciddi ictimai problemdir. Bu adi həqiqəti mühitin içində yaşayan adamlar özləri görə bilmirlər, daha doğrusu, görmək onların ağıllarına belə gəlmir. Balıq sudakı mühitə bağlı olduğu kimi onlar da öz mühitlərinə alışıblar, onların təsəvvürünə görə hər şey belə də olmalıdır.

Ətrafda baş verənlərin mahiyyətini cəmiyyətin öz başı üstündə ucaltdığı Budda heykəli - kor dilənçi daha aydın görür. Çünki qürbətdə yaşayan professor kimi o da ictimai proseslərin, başqa sözlə desək, zamanın xaricindədir, tərs axını təmsil edir.

Onu da deyim ki, Vaqif Sultanlının yaratdığı "Budda heykəli" bədii düşüncənin təkamülü baxımından da nəsrimizin "tərs axınını" təmsil edir. Hekayə-pritçanın istər məzmununu, istərsə də dilini, poetik sintaksisini janrın yaratdığı düşüncə mühitindən təcrid etmək, dilə mətndəki düşüncə mühitindən kənarda baxmaq mətnə dəxli olmayan iddiaların irəli sürülməsinə ayaq verə bilər və bunu "Kulis.az" saytının hekayəyə həsr etdiyi müzakirədə aydın görürük. Əslində, təsəvvürlərdə "avtomatlaşmış" "hekayə dili" sisteminin pozulmasına cəhd kimi diqqəti çəkən bu mətn ciddi filoloji müzakirə aparmaq üçün əlverişli ola bilərdi. Bunun əvəzinə, "müəllifin dilinin" müzakirə olunması məsələni mahiyyətindən xeyli uzaqlaşdırır. Zənnimizcə, bədii dili "yaratmaq" müəllifin deyil, əsərin səlahiyyətində olan məsələdir. Məsələn, "Danabaş kəndinin əhvalatları" ilə "Xatiratım"ı eyni müəllif - Cəlil Məmmədquluzadə yazsa da, bu əsərlərin hər birinin dili Azərbaycan bədii dilinin fərqli səviyyələrini təmsil edir...

Təəssüflər olsun ki, əsərin "yaratdığı" dil ilə müəllifin "yaratdığı" dil anlayışları çox vaxt qarışıq salınır, müəllifin "yeni bədii dil yaratmaq" həvəsinin isə dil üçün də, ədəbiyyat üçün də nə dərəcədə qeyri-ciddi cəhd olduğu nəzərdən qaçırdılır.

"Tərs axın" kitabındakı "Kül qəfəs" də şərti-metaforik dildə yazılmış pritçadır. "Əsərdə dilin yalnız informativ səciyyə ilə məhdudlaşmadığı, tarixin bərpasına yönəlik köklü funksiya daşıdığı, həmçinin rəmz-obraza çevrilərək bədii mətnin ayrılmaz komponentlərindən birini oluşdurduğu" qənaətində və mövqeyində olan Vaqif Sultanlının bu hekayəsində əsas fikir - pritça ümumiləşdirməsi küllə bağlı inancdan gələn, dilin yaddaşında yaşayan sözlərin, ifadələrin üzərində qurulub. "Küllükdə eşələnmək", "külü eşələmək", "kül ələmək", "küllənmək", "kül rəngi", "başına kül yağmaq", "başına kül tökmək", "külünü göyə sovurmaq", "odu söndürüb, külü ilə oynamaq", "arxasınca kül atmaq", "gözə kül üfürmək", "küllə yuyunmaq", "kül olsun gözlərinə", "xəyalları kül olmaq", "kül təpəcik" - bunlar müasur ədəbi dilimizin fəal leksikasında işlədilən sözlərdir və onları işlədərkən hansı sözün hansı qaynaqdan gəldiyi, etimoloji mənbəyi barədə düşünmürük. Hekayə dilin yaddaşını danışdırır - dilin yaddaşındakı kül mətndəki yerindən asılı olaraq müxtəlif "görüntülərlərə" çevrilərək əyaniləşdirilir.

Hekayədəki əhvalat o dünyada baş verir və "o dünya" anlayışı da şərti səciyyə daşıyır: təhkiyəçinin oxucu ilə ünsiyyət qurduğu "kül qəfəs" yuxu kimi də, xəyal kimi də, ölümdən sonrakı həyat kimi də qəbul edilə bilər. Bura real olmayan bir məkandır. "Yol boyunca... yanıb külə dönmüş torpaqdan, orda-burda küllənən hisli-paslı adamlardan savayı heç nə gözə dəymir".

"Kül qəfəs"də gerçək aləm ilə gerçək olmayan aləm bir-birindən o qədər də uzaq deyil və bir-biri ilə təmasdadır. Qəfəsin içində küllənənlərdən biri təhkiyəçinin uşaqlıq dostudur, müəmmalı şəkildə qətlə yetirilib, biri doğma anasıdır. Ana da qətl qurbanıdır, o, körpə olanda əri (təhkiyəçinin atası) qətlə yetirib. Qəfəsdə küllənənlərdən biri də onun gəncliyində, şəhərə gəldiyi ilk günlərə tanış olduğu, sevdiyi, xəyanət gördüyü qızdır...

"Kül qəfəs"in bizə təqdim etdiyi bədii aləm ilə dilin yaddaşı tərs axında verilir - təzad təşkil edir. Dilin yaddaşının dan üzündən Dədə Qorqud: "Kül təpəcik olmaz", - deyə səslənir. "Kül qəfəs"də isə səsi o dünyadan gələn təhkiyəçi ilə bu dünyada sevdiyi qız... "Adamların arasından keçərək kül təpəciyə dırmandılar. Burdan hər tərəf ovuc içi kimi aydın görünürdü. Təpəciyin üstündə yanaşı oturdular. Qız başını onun çiyninə söykəyərək gözlərini yumdu. Qızın əlini ovcuna alaraq bir anlığa hər şeyi unutdu. Ancaq qəfildən xəyallardan qoparaq:

- Bura niyə gətirdin məni? - sordu.

- Kül təpəciyi görməni istədim.

- Mən elə bilirdim, kül təpəcik olmaz".

Bu dünya ilə o dünya arasındakı məsafə yuxu ilə oyaqlıq, xəyalla gerçəklik, həyatla ölüm arasındakı məsafə qədər bir-birinə yaxındır. Külün təpəcik olması isə tərsinə axan zamanın gətirdiyi qiyamətin özüdür. Mənə elə gəlir ki, mətnin oxucuya ötürdüyü ana fikir də bundan ibarətdir. Görünür, miflərin, inancların, dinlərin vəd etdiyi qiyamət kimi, ayrı-ayrı fərdlərin yaddaşının ən dərin qatlarında gəzdirdiyi qiyamət də var və insan bir gün o qiyamət qarşısında hesabat verməli olur. "Qız... yerdən bir ovuc kül götürüb onun başına tökdü. Qızı itələyərək ayağa durdu. Təpəciyin üstündən üfüqlərə qədər uzanan kül yaylalarını, yanıb kömürə dönmüş ucsuz-bucaqsız ormanları, səmadan asılan bozumtul buludları, küllükdə eşələnən insan yığınını süzdü..."

"Kulikovo döyüşü" hekayəsində də hekayənin qəhrəmanı yaddaşın mühakiməsi qarşısında mühakimə olunur. Bu əsər quruluşuna görə "hekayə içində hekayə" kimi düşünülüb. Qızıl Orda sərkərdəsi Mamay xanın ruslara məğlub olduğu Kulikovo çölündən keçən qatarın hərəkəti ilə qatardakı sərnişinin kitabdan oxuduğu tarixi mətn bir-birinə əks axın təşkil edir, qatar irəlilədkcə qatarın içində gedən adam geriyə, tarixə (bəlkə də tarixdən o yana) qayıdır. Bu günlə tarix arasında paralellik yaradılır: keçmiş bu günün, bu gün keçmişin işığına tutulur və yaddaş şüur axınına qapılmış insandan tarixdən ibrət almağı hökm edir. Qatar və zaman isə... qatar yoluna, zaman da axınına davam etməkdədir...

Vaqif Sultanlı tarixin ən faciəvi ibrət dərslərindən birini "Kamasin dili" hekyəsində canladırmağa çalışıb. Hekayədə türk soyundan gələn, başqa etnosların arasında assimilyasiyaya məruz qalmış bir xalqın dilinin axırıncı daşıyıcısı olan qadının ömrünün son günlərindən bəhs olunur. O, ölümü ilə yalnız özünün deyil, bütövlükdə xalqının yox olacağını dərk edir. "Qu quşu son nəğməsini ötən kimi, o da yaşayıb sonuna vardığı ömürlə birgə soyunu bitirəcəkdi. Ondan sonra bu ucsuz-bucaqsız bozkırlarda yenə qurdlar ulayacaq, ancaq mənsub olduğu eli, ulusu bu ulartı səsini bir daha duymayacaqdı. Qurdlar eləcə heçliyə, yoxluğa, kimsəsizliyə ulayacaqdı"...

Dilin sonuncu daşıyıcısının ölümü ilə yer üzündəki bir xalq da ölür. Beləliklə, ən amansız pritçanı, ən ibrətamiz hekayəni tarix özü yazmış olur...

"Kufi xətti" hekayəsinin qəhrəmanı öz alın yazısını oxumaq istəyir: "...həlim toxunuşla barmaqlarını alnının qırışları arasında gəzdirdi. Ancaq alnındakı qırışlar kufi xəttinə dönüşərək ömrü, taleyi ilə bağlı yazılanları oxunmaz hala saldığından bir şey anlaya bilmədi"...

Yazıçının da missiyasının özünün, mənsub olduğu toplumun, millətin, ümumiyyətlə, insanlığın taleyini oxumağa və oxutmağa cəhd etmək olduğunu düşünürəm. Vaqif Sultanlının bəzən kufi xətti kimi mürəkkəb rəmzlərlə danışan, oxucuya yozum sərbəstliyi təklif edən hekayələrindən aldığım başlıca təəssürat bu oldu...

Məti Osmanoğlu

"Ədəbiyyat" qəzeti


Oxunma sayı: 14532

Oxşar yazılar