Ziyalı Ocağı” İctimai Birliyi “Elimiz bir, dilimiz bir” adlı layihəsini gerçəkləşdirdi - FOTO

  • 22:07 - 08 Fevral

Ötən həftə Ziyalı Ocağı İctimai Birliyi üçün məhsuldar keçdi. Birlik “Elimiz bir, dilimiz bir” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirdi. Özbəkistanlı tələbə və müəllim heyətinin iştirakı ilə keçirilən bu görüşlər soyu bir, dili bir, dini bir olan türkdilli xalqların birliyi, daha da yaxınlaşması naminə hazırlanan proqram əsasında reallaşdırıldı.

Qonaqlar və layihə iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canından keçən vətən övladlarının məzarlarını ziyarət etdilər. Qonaqlara müasir Azərbaycan tarixi, habelə Zəfər günü ilə bağlı məlumatlar verildi.

Qonaqlarla ikinci görüş AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirildi.

MEK-in direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın yaranma tarixi, fəaliyyəti, fondu, eləcə də Özbəkistanın kitabxanaları ilə səmərəli tərəfdaşlıq əlaqələrindən danışdı.

Tanışlıq zamanı xarici qonaqlar AMEA-nın 15 təsisçisinin büstlərinin yer aldığı qalereya, Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond və Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış oldular.

Direktor Məmməd Əliyev kitabxana sistemində ilk olan, şəhid qazi və müharibə veteranları haqqında məlumatların toplandığı Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranması və fəaliyyət istiqaməti haqqında qonaqları məlumatlandırıldı, xatirə şəkilləri çəkildi.

“Elimiz bir, dilimiz bir” adlı Beynəlxalq Konfrans isə Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirildi.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova son dövrlər Filologiya fakültəsi ilə Özbəkistan universitetləri arasında əlaqələrin genişləndiyini vurğulayaraq, birgə əməkdaşlıq üçün Azərbaycan poeziya nümunələrinin özbək dilinə, özbək bədii ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcümə olunmasının əhəmiyyətini qeyd etdi.

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü konfransın təşkilinə görə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənovaya öz təşəkkürünü bildirdi, fakültənin türk dövlətləri ilə olan əməkdaşlıq əlaqələrinin vacibliyini vurğuladı.

 “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva (Bayındır) bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd dərin tarixi köklərə, bağlara malik olan iki qardaş xalqın yaradıcı insanları, elm və sənət sahəsində çalışan ziyalıları, habelə müəllim və tələbələri arasında qardaşlıq körpüsünün daha da möhkəmlənməsidir.

İ. Əliyeva (Bayındır) vurğuladı ki, “Elimiz bir, dilimiz bir” adı altında reallaşan bu layihə Azərbaycanla Özbəkistan arasında milli, mədəni, qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından ölkə prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə xidmət edir”.

Çıxış üçün söz alan Şayne Qızlar Akademiyasını rəhbəri Şohida Yusupova öz çıxışı zamanı söylədi ki, “Bu qəbildən olan tədbirlərin keçirilməsi olduqca zəruridir. Bu kimi görüşlər iki qardaş xalqın daha da yaxınlaşmasına, elmin, sənətin inkişafına xidmət edəcəkdir. Ümidvaram ki, əlaqələrimiz daha da genişlənəcək və bu əlaqələr xalqlarımızı yaxınlaşdıracaqdır”.

Özbəkistanın tanınmış jurnalisti Nigora Toqayeva Özbəkistan və Azərbaycan qardaşlığından bəhs etdi. O qeyd etdi ki, “bu gün ölkələrimiz arasında əlaqələrin genişlənməsi Prezidentlərimizin yürütdüyü qabaqcıl siyasətə əsaslanır. Hər iki ölkənin Prezidenti- həm cənab Şövkət Mirziyoyevin, həm də cənab İlham Əliyevin tapşırıqları və tövsiyələri əsasında xalqlarımız və dövlətlərimiz arasında hərtərəfli əlaqələrin yaradılmasında və inkişafı istiqamətində bir sıra qabaqcıl tədbirlər planı həyata keçirilir. Məhz bu əlaqələr sayəsində Özbək və Azərbaycan xalqları bir-birinə daha da yaxınlaşır və mehribanlaşır”.

Özbəkistandan gələn nümayəndə heyətinin digər üzvləri də çıxış edərək, Azərbaycan-Özbəkistan dostluq əlaqələrindən bəhs edərək, müxtəlif şeir nümunələri söylədilər. Onlar özbək milli adət-ənənələrinə məxsus atributları professor Mahirə Hüseynovaya təqdim etdilər.

Çıxış edən professor Təyyar Salamoğlu və dosent Qüdrət Umudov son dövrlər müasir özbək ədəbiyyatı nümayəndələri ilə fakültədə keçirilən görüşlərdən bəhs edərək, klassik özbək ədəbiyyatı nümayəndələrinin əsərlərinin Filologiya fakültəsinin tələbələri tərəfindən maraqla öyrənildiyini qonaqların diqqətinə çatdırdılar.

Konfransın sonunda xatirə şəkilləri çəkdirildi.

Layihə çərçivəsində “Özbəkistanın istedadlı qızları” adlı kitabın da təqdimat mərasimi keçirildi. Kitabın səhifəsində yer alan müəlliflər ölkəmiz və xalqımız haqqında öz təəssüratlarını bölüşdülər.

Layihə iştirakçıları ölkəmizlə tanışlıq çərçivəsində Bakıda və Qusarda oldular. Şahdağ Turizm bölgəsinə ekskursiya qonaqların səfər təəssüratını daha da zənginləşdirdi.

Dostluq, qardaşlıq çərçivəsində reallaşan bu layihə parlaq gələcəyə, aydın sabahlara doğru ümid və inam çərçivəsində öz işini yekunlaşdırdı.

İlahə Bayındır

Avropa.info

 

 

 

 

 

 


Oxunma sayı: 20186

Oxşar yazılar