Ülviyyə Ağayeva: “Hər zaman gənclərimizlə qürur duyuruq”

  • 12:25 - 02 Fevral

"Xalqın, millətin mövcud olması üçün onun sağlam gəncliyi olmalıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır".

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib. 

Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycan Respublikasının gənclərlə bağlı siyasətinin əsas istiqaməti müasir qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanaraq, beynəlxalq təcrübəni nəzərə alaraq gəncləri ölkədə gedən proseslərin həm iştirakçısı, həm də bəhrələnən sosial qrup kimi qəbul etməyə yönəldilmişdir. "Bu gün həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetməsində rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənib", -o qeyd edib.

Deputat əlavə edib ki, müasir dövrümüzdə ölkənin inkişaf etdirilməsi siyasətində gənclərlə bağlı iş, gənclərə  xüsusi qayğı və diqqət, onların dövlət idarəetməsinə cəlb edilməsi, gənclərə məsul vəzifələrin həvalə edilməsi, gənclərin təhsilinə ciddi diqqət yetirilməsi mühüm məsələlərdən biri, bəlkə də birincisidir: 

"Bu, müstəqil dövlətimizin banisi, ümummilli liderimiz H. Əliyevin apardığı uzaqgörən və müdrik siyasətin, tutduğu yolun davamıdır.  Məhz H.Əliyev Respublikamıza rəhbərlik etdiyi illərdə dövlət və cəmiyyətin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gənclərin iştirakının vacib məsələ olduğunu diqqət mərkəzinə çəkmiş, dövlət və cəmiyyət üçün sağlam və müasir düşüncəli, milli-mənəvi dəyərlərə söykənən yüksək intellektli yeni nəslin yetişdirilməsini ən önəmli vəzifə kimi görmüş və öz siyasi varislərinə də bunu həvalə etmişdir. Məhz H.Əliyevin hakimiyyəti illərində  gənclərlə iş sahəsində qanunvericilik bazası yaradılmış, gənclərin təhsilinə, inkişafına xüsusi dövlət qayğısı normativ aktlarla tənzimlənmişdir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək, onların dövlətin idarə olunmasına cəlb edilməsi üçün, sosial tələblərinin ödənilməsi, dünya standartlarına uyğun təhsil almaları  üçün dövlət ardıcıl siyasət yürütməyə başlamışdır. 1994-cü ildə  Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi,  1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsi, 1999-cu ildə Ulu Öndərin "Dövlət Gənclər Siyasəti"nin həyata keçirilməsi ilə bağlı Fərmanı, 1999-cu ildə "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi" Proqramı gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılmış  mühüm addımlar kimi qiymətləndirilməlidir. 2001-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev elmə verdiyi yüksək qiyməti və gənclərə göstərdiyi qayğını bir daha əməllərində sübut edərək  "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalamışdır. Bu Fərmanın ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etmək üçün böyük bir stimul və maddi dəstək olmuşdur.

2 fevral 1998-ci ildə Heydər Əliyev gənclərə müraciətlə demişdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik."  Ulu öndərin müdrik uzaqgörənliklə söylədiyi sözlər bu günümüz üçün bir şüara çevrilmişdir və tam əminliklə  söyləyə bilərik ki, onun bünövrəsini qoyduğu iş bu gün də inkişaf və davam etdirilməkdədir. Bu, H.Əliyevin gənclər üçün saldığı əbədi bir yoldur. Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplərin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil etdiyinin hər zaman şahidiyik.

Dövlət idarəçiliyi sistemində gənclərin iştirakını təmin etmək, onların potensialından düzgün istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi.
"2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" qəbul olundu. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri bu gün çox fəaldır. Azərbaycan gəncləri onlara göstərilən etimadı, bu etimaddan irəli gələn məsuliyyəti başa düşür və öz dövləti və lideri ətrafında sıx birləşməsi ilə hər addımda bu etimadı doğruldur. Bugün xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman gənclərimizlə qürur duyuruq".


Oxunma sayı: 20230

Oxşar yazılar