Türkiyə ordusunun 9 əsgəri şəhid oldu: F-16-lar havaya qaldırıld - YENİLƏNİB

  • 04:27 - 13 Yanvar

Avropa.info xəbər verir ki, İraqın şimalında Türk Silahlı Qüvvələrinin əsgərlərinin şəhid olmasından sonra başladılan hava əməliyyatı nəticəsində terrorçulara məxsus 29 hədəf yox edilib. 

İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatlarında Separatçı Terror Təşkilatının (BTÖ-Bölücü Terror Örgütü) istifadə etdiyi 29 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirillib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada deyilir: “PKK/YPG/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraq və Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, yanvar ayı saat 00.30-da İraqın şimalında və Suriyanın şimalında Metina, Hakurk, Qara və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı Hava əməliyyatları həyata keçirilib. Təşkilat (BTÖ) tərəfindən istifadə edilən mağaralar, bunkerlər, sığınacaqlar və neft obyektlərindən ibarət olan və terrorçulara məxsus hesab edilən 29 hədəf məhv edilib".

“Bu əməliyyatlarda çox sayda terrorçu yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib. Soylu millətimizin qəlbindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək. Bu əməliyyatlar zamanı “Günahsız insanlara, dost bildiklərimizə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb”, - açıqlamada həmçinin qeyd olunub. 

***

İraqın şimalında Türk Silahlı Qüvvələrinin 9 əsgəri şəhid olub, 16 əsgər yaralanıb. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında PKK/KCK terror təşkilatının fəaliyyətlərinin aşkar edilərək qarşısının alınması məqsədilə həyata keçirilən "Pəncə-Kilid" əməliyyatı çərçivəsində 12.01.2024-cü il tarixində saat 17.15 radələrində 23-cü diviziyanın komandanlığında Kırklareli 41-ci Komando Briqada Komandanlığının şəxsi heyətinin olduğu 1740 Hündürlük Təpə Baza Bölgəsinə PKK terror təşkilatı üzvləri tərəfindən sızma-hücum cəhdi edilib. 

İlkin məlumata görə, sözügedən hücum nəticəsində 9 qəhrəman əsgər şəhid olub, 16 əsgər yaralanıb.

Bölgədə qarşıdurmalar davam edir və F-16-lar havaya qaldırılıb. İraqın şimalında terrorçularla toqquşma nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 5 hərbçisi şəhid olub. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. 

Məlumata görə, daha 8 əsgər yaralanıb. 

Məlumata görə, silahlılar Türkiyə Silahlı Qüvvələrinin "Pençe-Kilit" antiterror əməliyyatı keçirdiyi zonada yerləşən hərbi bazanın ərazisinə daxil olmağa cəhd ediblər. 

“Yanvarın 12-də Pençe-Kilit əməliyyatı bölgəsində terrorçuların bazaya daxil olmaq istəyərkən baş verən qarşıdurma zamanı 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8-i yaralanıb”, - deyə Türkiyə Müdafiə Nazirliyi bildirib. 

Yaralı Türkiyə əsgərləri xəstəxanaya yerləşdirilib. 

İlkin məlumatlara görə, döyüş zamanı 12 terrorçu zərərsizləşdirilib. 

"Regionda əməliyyatlar davam edir", - Müdafiə Nazirliyi əlavə edib. 

Müdafiə Nazirliyi şəhid olanların ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və Türkiyə xalqına başsağlığı verib, həmçinin yaralı əsgərlərə şəfa diləyib.


Oxunma sayı: 31109

Oxşar yazılar