"Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir" - Deputat

  • 22:08 - 12 Yanvar

“Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolundan, regionda və beynəlxalq münasibətlər sistemində artan rolundan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, eyni zamanda, müasir tariximizin yeni dövrünün çağırışlarından geniş bəhs etdi. Gününüzün əsas hədəflərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması fonunda əlaqələrin coğrafiyasının daha da genişləndirilməsi, dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin bərpa edilməsidir. Azərbaycanın nüfuzunun artmasında, yerinin və rolunun möhkəmlənməsində əsas amil xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Cənab İlham Əliyev müsahibədə müəyyən xarici dairələrin Azərbaycana  qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini də açıqladı. Bütün hallarda, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir”.

Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.  

Deputat qeyd edib ki, Azərbaycanın müasir tarixinin yeni dövrü başlayıb: “20 sentyabr tarixindən sonrakı dövrü əhatə edən bu yeni mərhələ özündə yeni hədəfləri ehtiva edir. Ölkəmiz hər zaman irəliyə doğru addımlamağı qarşısına əsas hədəf kimi qoyub. Bu gün ölkəmizin tarixi Zəfərimizin reallıqları əsasında dünyaya təqdim etdiyi yeni inkişaf modeli beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir". 

Əliabbas Salahzadə vurğulayıb ki, Prezident İlham Əliyev müsahibədə çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs etdi: “Qürurvericidir ki,  bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar. Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir.  Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin  azad edilməsi və suverenliyimizin  tam bərpa edilməsi  yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev bildirdi ki,  əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya,  amal ətrafında birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər” .

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: 

“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşub və dirçəlir. 2024-cü ildə də bu  yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı  davam edəcək. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Həm bu ərazilərə qayıdan  sakinlər üçün treninqlər keçirilir, həm də  yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb.  İcra olunan infrastruktur layihələri  bu il daha böyük sayda keçmiş köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışına geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, bu il  keçmiş köçkünlər  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqlar. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.  Hədəf  140 min keçmiş köçkünün  yaxın üç il ərzində öz yurd-yuvasına qayıdışıdır. Göründüyü kimi, bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bütün bu işlər ölkəmizin daxili imkanları hesabına görülür. Düşünülmüş və gələcəyə hesablanmış siyasətimiz nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi  hər bir hədəfə zamanında nail olmağa əsas verir”.

Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi çağırışlarla zəngin olur. Yerli televiziya kanallarına müsahibəsi də bu baxımdan xüsusi diqqət çəkdi. Bir daha qeyd edildi ki, yeni dövrün yeni hədəfləri olmalıdır.


Oxunma sayı: 22342

Oxşar yazılar