Qələbələrlə dolu möhtəşəm ömür kitabı yazan Lider

  • 17:16 - 24 Dekabr

“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür.
İham Əliyev ataların «ot kökü üstündə bitər» deyimini öz şəxsi nümunəsi, öz əli ilə yazdığı şanlı tariximizlə sübut etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyevin oğlu, «ata vəsiyyətini yerinə yetirmiş» layiqli davamçısıdır.

Adətən, belə böyük şəxsiyyətlərin tərcümeyi-halı hamıya açıq olur, onun həyatının mühüm dönəmləri məlum olur. Belə bir gündə cənab İlham Əliyevin həyatının bütün mərhələlərini yenidən nəzərdən keçirmək, onun belə böyük şəxsiyyət, nüfuzlu siyasi və dövlət xadimi səviyyəsinə qədər ucaldığı həyat yolunu bir daha nəzərdən keçirmək olar. Ancaq Ali Baş komandanımız təkcə son üç ildə Vətənimiz, xalqımız qarşısındakı xidmətləri ilə də möhtəşəm bir ömür kitabı yaratmışdır”.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat əlavə edib ki, bu kitabın ilk səhifələri 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı ilə başlayır: “44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, siyasi uzaqgörənliyi və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini icra edərək, tarixi ədaləti bərpa etdi: Qarabağ və ətraf rayonları qısa zamanda düşmənlərdən azad edildi. Azərbaycanın incisi Şuşa düşmən tapdağından, xalqımız məğlubluq kompleksindən xilas edildi. Nəhayət, 19-20 sentyabr antiterror əməliyyatı Qarabağın tam azad edilməsi yolunda mübarizədə son nöqtəni qoydu: Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğaldan azad edildi və Ermənistanın 30 illik işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa  edildi. Şanlı qələbəmizin üçüncü ildönümündə - 8 Noyabrda Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. 

Dekabrın 21-də – torpaqlarımızdakı terrora son qoyulmasından cəmi üç ay sonra bütün dünyaya, qələbəmizlə, ərazi bütövlüyümüz, dövlət qüdrətimizlə barışmaq istəməyən bədxah qüvvələrə daha bir möhtəşəm mesaj ünvanladıq: Xankəndidə tarixi futbol matçı keçirildi. Bu matç Xankəndinin də həmçinin qədim Azərbaycan diyarı olduğunu bir daha nümayiş etdirdi. Tarixi matçın başlanmasından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda Müzəffər Ali Baş komandanımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etdilər. Bu həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramımızın ifadəsi, onların ailələrinin, övladlarının dövlətimizə əmanət olmasının etirafı idi. 

Dövlət başçısı oyundan əvvəlki çıxışında bu oyunun böyük tarixi əhəmiyyətindən danışaraq qeyd etdi ki, «Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər…Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir…Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!...Bundan sonra bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!»

Bəli, Qarabağ Azərbaycan! Doğru buyurursunuz, cənab Prezident! Bu şanlı qələbəni bizə Sizin rəhbərliyiniz altında igid döyüşçülərimiz canları, qanları bahasına bəxş etdilər”.


Oxunma sayı: 22089

Oxşar yazılar