"Bu, Azərbaycan xalqının şanlı qələbəsidir” - Deputat

  • 19:08 - 05 Noyabr

“Noyabr  ayının 8-i ölkəmiz üçün tarixi gün oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il altı ay gözlədi və nəhayət, 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş Komandanın dilindən eşitdik”.

Bunu Avropa.info-ya açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə,  Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyuldu. “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və başçılığı altında Ermənistanın 30 il ərzində xarici havadarlarının dəstəyi ilə  işğal altında saxladığı torpaqlarımızı azad etdi. Ordumuzun sentyabrın 27-dən başlanan zəfər yürüşü başa çatdı”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu qələbə adi yürüş olmadı: “Bu, Ali Baş Komandanımızla xalqımızın daxili həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi və igid oğullarımızın qanı bahasına başa gəldi. Ancaq bu 44 günlük Vətən müharibəsi və 30 il ərzində dişinə kimi silahlanmış, çoxmərtəbəli yeraltı istehkamlar qurmuş və yalnız müharibə siyasətinə köklənmiş düşmən üzərində qələbə bütün dünyaya bizim milli həmrəyliyimizi nümayiş etdirdi və özümüzü də inandırdı ki, bəzən fikir ayrılıqlarına baxmayaraq, milli məsələlərdə, torpaqlarımızın azadlığı məsələsində bir yumruq kimi birləşə bilərik. Xalqımız başa düşdü ki, biz zəif deyilik, biz əzilmiş, torpaqları işğal altında, əhalisi köçkün və qaçqın vəziyyətində yaşamağa məhkum olan xalq deyilik. Biz sözün həqiqi mənasında güclü xalqıq. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı, öz qələbəsini döyüş meydanında əldə etdi. Ancaq bu qələbə yalnız müharibə çətinlikləri ilə başa gəlmədi. 

Mediadan aldığımız məlumatlar, dövlətin rəsmi nümayəndələrinin verdikləri açıqlamalardan başa düşmək olur ki, dövlətimiz və dövlət başçımız bu müharibə zamanı nə qədər böyük sınaqlardan çıxmış, hansı ağır təzyiqlərə məruz qalmışdır. Biz bunları Prezidentimiz İlham Əliyev cənablarının dünyanın aparıcı mediasına verdiyi müsahibələrdən, onun qarşısına qoyulan provokasiya xarakterli sualları necə siyasətlə cavablandırmasından başa düşürük. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan nə qədər diplomatik və siyasi təzyiqlərə məruz qaldı. 

Ancaq bu qələbə bir çox məqamları da faş etdi. Qədim, bütün insanların alisi, ancaq haqsız yerə incidilən, təqib edilən məzlum və eyni zamanda qəhrəman olması haqqında uydurulmuş erməni mifini darmadağın etdi. 

Mülki insanlara qarşı törətdiyi cinayətlərin müqabilində Azərbaycan dövlətinin dönə-dönə biz mülki əhali ilə mübarizə aparmırıq, qisasımızı döyüş meydanında alırıq şüarı bir daha kimin kim olduğunu göstərdi. 

Bu müharibə işğal olunmuş ərazilərimizdə mədəni irsimizə vurulmuş zərbə, mənəvi sərvətlərimizin talan edilməsi, məzarlıq və məscidlərimizin, dini və tarixi abidələrimizin təhqir edilməsi, XXI əsr sivil şüuruna sığışmayan barbarlıq qarşısında Azərbaycanda erməni kilsələrinin qorunub saxlanması da Azərbaycan xalqının qüdrətini, mərdliyini və humanizmini göstərdi, Ermənistandan fərqli olaraq, etnik təmizləmə məqsədi güdmədiyini isə əməlləri ilə sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşa bilirsə, Azərbaycanda da belə ola bilər və Qarabağda da hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləyir.  

Erməni vəhşilikləri qarşısında Azərbaycan xalqının bu mərdanəliyi, alicənablığı daha parlaq görünür, bunu etiraf etmək istəməyən erməni havadarları da görür və başa düşür. 

Azərbaycan xalqı tarixi qələbəsini də başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil,  öz müdrik rəhbərinin başçılığı altında,  şəhidlər verərək qazandı. 
Bu, Azərbaycan xalqının şanlı qələbəsidir”.

Avropa.info


Oxunma sayı: 7008

Oxşar yazılar