Lənkəranda “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli filmin təqdimatı keçirilib

  • 13:44 - 25 Sentyabr

Media və Mülki Cəmiyyət İctimai Birliyi sentyabrın 21-də Lənkəran İslam Kollecində tədbir keçirib. Dəyirmi masa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Dini radikalizmə qarşı mübarizədə maarifçilik tədbirləri” adlı layihəsi çərçivəsində baş tutub.

Tədbirdən öncə şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub. Sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov iştirakçılara layihənin məqsədləri haqqında məlumat verib. X.Əhmədov bildirib ki, layihənin məqsədi gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsinə və dini radikal ekstremizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirləri təşkil etməkdən ibarət idi. “Bu gün sizinlə birlikdə layihə çərçivəsində hazırladığımız “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli filmin təqdimatını edirik. Azərbaycan və ingilis dillərində olan filmdə gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsi üçün zərərli dini cərəyanların və destruktiv təriqətlərin mahiyyətindən danışılır və onların təbliğat metodları haqqında məlumatlar verilir”-layihə rəhbəri qeyd edib.

Daha sonra təşkilatın hazırladığı “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli film nümayiş etdirilib və filmin müzakirəsi ətrafında çıxışlarla tədbir davam edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli çıxış edərək layihəni olduqca vacib layihə hesab edib və layihə çərçivəsində hazırlanmış “Dini radikalizmin doğurduğu təhlükələr” filmində gələcək üçün ciddi mesajların verildiyini qeyd edib. Onun sözlərinə görə, dindən yanlış istiqamətdə istifadənin qarşısını cəmiyyətin bütün təbəqələrinin maarifləndirilməsi ilə almaq mümkündür. Ölkəmizdə, eləcə də dünyanın müxtəlif yerlərində cəmiyyətin üzləşdiyi bir çox problemlərin kökündə savadsızlıq, cəhalət və insanların kifayət qədər maariflənməməsi dayanır. Bu problemi yoluna qoymadan inkişaf etmək sadəcə mümkünsüzdür.

Müşahidə Şurasının üzvü tədbir iştirakçıları olan gənc din xadimlərinə radikalizmə qarşı mübarizəyə böyük töhfə verə biləcəklərinə inandığını deyib: “Cəhalət yolunda ən böyük maneə sizin kimi aydınlarımızdır, gələcək din xadimlərimizdir. Hesab edirəm ki, sizin hər biriniz cəmiyyətdə önəmli bir rola malik olacaqsınız. Siz müqəddəs dinimizi insanlara öyrədir, onun müddəalarını şərh edirsiniz, düzgün izah edirsiniz, göstərdiyi yolu aydınaladırsınız. Hər biriniz cəmiyyət üçün bir töhfəsiniz, bu yolda kamala çatmağınızı arzulayıram. Çünki radikalizmə, dağıdıcılığa, cahilliyə qarşı mübarizədə bizim ümidimiz sizsiniz. Təcrübədə göstərir ki, qanunları sərtləşdirməklə, yaxud hər hansı inzibati metodlarla, yalnız hüquq-mühafizə orqanlarının tədbirləri ilə dini radikalizmi məğlub etmək, onu cəmiyyətdən kənarlaşdırmaq olmur. Biz ilk növbədə maarifçilik məsələlərinə üstünlük verməliyik və bu istiqamətdə din xadimlərimizin də böyük rolu var. Onalrın nüfuzu artmalıdır, bu məsələni özləri dərindən dərk etməlidirlər və öz bilik və bacarıqlarını bu mübarizəyə sərf etməlidirlər. Mənim sizin dini biliyinizə heç bir şübhəm yoxdur, ancaq biz istərdik ki, dinin ekstremizmə necə alət olduğunu inanclı insanlar olaraq cəmiyyətin üzvlərinə də izah edəsiniz”.

Layihənin eksperti, araşdrımaçı jurnalist Rəsul Mirhəşimli bildirib ki, radikalizm sosial, siyasi və iqtisadi sahələrdə ümumi qəbul edilmiş normaların ən azı bir sahəsinə qarşı çıxan və onlara alternativ yaratmaqda meylli olanların düşüncə tərzidir. “Bu düşüncə tərzi başqa dünyagörüşlərdə olduğu kimi, inanclar sistemində də özünü göstərir. Radikallıq yolunu seçən düşüncə daşıyıcıları öz planlarını güc və ya zorakılıq yolu ilə həyata keçirmək istəyirlər”, - deyə o qeyd edib.

Layihə ekspertinin sözlərinə görə, bir çox hallarda isə radikallığa meylli olan missioner qruplar cəmiyyətin savadsız, dini bilikləri məhdud olan şəxslərin zəifliyindən istifadə edərək, öz niyyətlərini həyata keçirmək istəyir:

 “Zorakılıq və yanlış təbliğat çərçivəsindən çıxış edən dini radikalizm siyasi arqumentlər vasitəsilə bir inanc sistemini sistem tənqidinə çevirən və mövcud sistemdə inanca əsaslanan dəyişiklik yaratmağı planlaşdıran, inanc sisteminin təklif edib-etməməsindən asılı olmayaraq insanları yanlış təbliğatla öz tərəflərinə çəkmək üsulunu vasitə seçir.

Məlum olduğu kimi, Yaxın Şərqdə baş verən proseslər istər-istəməz Azərbaycanda da bəzi dindarların həyat tərzinə təsir edir. Radikal qruplaşmalara qoşulanlar arasında azərbaycanlıların olduğunu yaxın illər ərzində cəmiyyət şahid olub.

Xüsusilə, son aylarda İranın casus şəbəkələrinə qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar hansı təhlükələrin qarşısının alındığı barədə obyektiv mənzərə yaradır.

Dini radikallığın özünə tərəfdar toplamasının müxtəlif səbəbləri var. Bunlardan birini yuxarıda qeyd etdim. Bu radikallığın qarşısının alınmasında ən mühüm rol oynayacaq amil Azərbaycan vətəndaşı dini öz dövlətindən, Azərbaycan dövlətini sevən dini maarifçilərdən öyrənməsidir. Çünki dinin düzgün təbliğ olunmadığı şəraitdə radikallıq güclənir”.

R.Mirhəşimli qeyd edib ki, bu neqativ düşüncə və hərəkətin önünə keçmək üçün başqa bir vasitə məktəblərdə dini biliklərin və dinlər tarixinin tədrisi məsələsədir:

“Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu təkliflə çıxış etmişdi. Bu təklifin irəli sürülməsindən xeyli zaman keçsə də, hələ ki bu təklifin reallaşdırılması üçün əməli işlər görülməyib.

Nəzər alsaq ki, bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər. Lakin bu o demək deyil ki, həmin kadrların hazırlanması mümkün deyil. Artıq neçə ildir Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu ali məktəbin kadr bazası və tədris keyfiyyəti dini olduğu kimi öyrədə bilən mütəxəssislərin olduğunu sübut edir”.

Tədbirdə digər tədbir iştirakçıları da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

 

 

 

 

 


Oxunma sayı: 3367

Oxşar yazılar