Ərdoğan: Müharibənin nə vaxt bitəcəyinə yalnız Rusiya və Ukrayna liderləri qərar verə bilər

  • 11:14 - 19 Sentyabr

Ukraynada müharibənin nə vaxt bitəcəyini ancaq Rusiya və Ukrayna prezidentləri müəyyən edə bilər. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın Public Broadcasting Service (PBS) televiziya və radiosuna müsahibəsində deyib. 

“Mən sizə müharibənin başa çatması üçün vaxt çərçivəsi verə bilmərəm və bunun nə qədər davam edəcəyini deyə bilmərəm. Bu barədə sizə yalnız hər iki tərəfin liderləri məlumat verə biləcək”, – Türkiyə lideri Ukraynada müharibənin bitməsinin mümkün vaxtı ilə bağlı sualı cavablandırarkən deyib. 

Onun sözlərinə görə, münaqişə yəqin ki, “uzun müddət” davam edəcək. 

Eyni zamanda, dövlət başçısı münaqişəyə tezliklə son qoyulacağına ümid etdiyini bildirib. O, rusiyalı həmkarı ilə Ukrayna böhranının həlli ilə bağlı apardığı danışıqları şərh edərkən deyib: “Və cənab Putin bu müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır”. 

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Qərb ölkələri ilə etibarlı münasibətlərin tərəfdarıdır. 

“Onlara etibar etməmək üçün heç bir əsasım yoxdur. Qərb nə qədər etibarlıdırsa, Rusiya da etibarlıdır. Son 50 ildir ki, biz Aİ-nin astanasında gözləyirik. Və hazırda mən Rusiyaya güvənirəm. Necə ki, mən Qərbə güvənirəm”, - o, xüsusilə qeyd edib. 

Dövlət başçısı Ankaranın Aİ-yə daxil olmaq üzrə danışıqlardan mümkün çıxması ilə bağlı bəyanatlarına da münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə “Avropa İttifaqının qəbul etdiyi qərarlara böyük əhəmiyyət verir və irəliyə doğru istənilən müsbət addımı alqışlayacaq”. 

“Türkiyə son beş onillikdə Aİ-nin astanasındadır. Biz həmişə özümüzü təmin etmişik, heç vaxt Aİ-nin töhfəsinə və ya dəstəyinə arxalanmamışıq, çünki buna ehtiyacımız yoxdur”. 

İsveçin NATO-ya daxil olması mövzusuna gəlincə, o, bu məsələnin Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlarla əlaqələndirilməsinin qəbuledilməzliyinə diqqət çəkib. 

Prezident həmçinin vurğulayıb ki, İsveç Üçtərəfli Memorandum çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. O vurğulayıb ki, bu, ilk növbədə, İsveç hakimiyyətinin Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarına dəstəyi dayandırması ilə bağlıdır. 

“Biz dəfələrlə bildirmişik ki, NATO-ya üzv olmaq məsələsində İsveçi dəstəkləməyə hazırıq. Lakin İsveç verdiyi vədlərə əməl etməlidir. Bununla belə, biz terrorçuların hələ də Stokholm küçələrində sərbəst gəzdiyini görürük”, - deyə o bildirib. 

Dövlət başçısı həmçinin izah edib ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin Ankara tərəfindən təsdiqlənməsi ilə bağlı qərar Türkiyə parlamentinin ixtiyarındadır. 

Türkiyə lideri həmçinin bəyan edib ki, ABŞ-ın Ankaraya F-16 qırıcıları təhvil verməsi prosesinin İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirilməsi qəbuledilməzdir. 

“Hesab edirəm ki, bu iki mövzu bir-birinə bağlı olmamalıdır. Prezident (ABŞ) Co Bayden bildirib ki, bu [F-16 qırıcılarının Ankaraya təhvil verilməsi] məsələsi (ABŞ) Konqresindən asılıdır. Cavab olaraq deyirik ki, bizim Türkiyə Parlamentimiz var (Türkiyə Parlamenti İsveçin NATO-ya müraciətinə baxır). Əgər parlament [İsveçin NATO-ya] müraciəti ilə bağlı müsbət qərar qəbul etməsə, onda heç nə etmək olmaz”, - prezident bildirib. 

Dövlət başçısı Ukraynadakı müharibəyə görə Türkiyənin Aİ-nin Rusiyaya qarşı sanksiyalarına niyə qoşulmaması ilə bağlı sualı da qeyd edib. Türkiyə lideri bu münasibətlə “AB üzvlərinin etdiklərini biz də etməliyik?” o deyib. 

O, izah edib ki, Türkiyə beynəlxalq arenada öz mövqeyinə sadiqdir, necə ki, Aİ ölkələrinin də öz mövqeyi var. Prezident Rusiyanın Türkiyənin ən yaxın qonşularından biri olduğunu vurğulayaraq, hər iki ölkəni ortaq tarixə bağladığını qeyd edib. 

O, həmçinin Türkiyənin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli və qlobal ərzaq böhranının qarşısının alınması istiqamətində göstərdiyi səylərdən danışıb. 

“Biz taxıl dəhlizini işə salmışıq. Qara dəniz vasitəsilə dünyanın müxtəlif ölkələrinə ümumilikdə 33 milyon ton taxıl ixrac edilib. Türkiyə bunu təkcə AB-nin bizdən tələb etdiyi üçün etmədi. Bu, bizim üzərimizə götürdüyümüz humanitar öhdəlik idi”, - deyə o bildirib. 

O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin onunla danışıqlar zamanı Rusiya tərəfinin yoxsul Afrika ölkələrinə 1 milyon ton taxıl tədarük etmək niyyətini bəyan edib. 

Ərdoğan həmçinin Moskvanın taxıl müqaviləsində iştirakını dayandırması və Ukraynadakı müharibə ilə bağlı Rusiya prezidentinə “etibar edilə bilməz” iddialarını əsassız adlandırıb. 

“Mən bu bəyanatla razı deyiləm. Türkiyənin tədarük etdiyi təbii qazın yarısı Rusiyadan gəlir. Bu o deməkdir ki, aramızda həmrəylik var. Biz qarşılıqlı addımlar atırıq və müdafiə sənayesində əməkdaşlıq edirik”. 

Dövlət başçısının sözlərinə görə, Türkiyə həm Rusiya Federasiyası, həm də ABŞ və digər ölkələrlə qarşılıqlı faydalı əlaqələr saxlamağa çalışır. 

Ərdoğan ABŞ-ın Türkiyəyə F-16 qırıcıları tədarükünə qarşı çıxması ilə tanınan amerikalı demokrat senator Bob Menendezin bəyanatlarına və Yunanıstanın təhlükəsizliyinə Türkiyədən təhdid olunduğu iddiası ilə bağlı açıqlamalarına da münasibət bildirib:

“Bob Menendez Türkiyə ilə o qədər də tanış deyil. Görünür, o, Rəcəb Tayyib Ərdoğanla da tanış deyil”. 

“Biz (Yunanıstan) uzun onilliklər ərzində dostluq münasibətləri saxlamışıq. Görünən odur ki, Menendes Türkiyəyə qarşı düşmən mövqe tutub və bizi öz seçdiyi müəyyən müzakirələrə sövq etməyə çalışır. Amma biz bu işdə iştirak etmək fikrində deyilik. Yunanıstanla dostluğumuz onların düşündükləri kimi deyil”, - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 5402

Oxşar yazılar