Quzey Kıbrıs Türk Cümhuriyyətindən möhtəşəm LAYİHƏ: KKTC dünyaya elektrik enerjisi verəcək

  • 10:56 - 14 Sentyabr

"Hazırda layihənin texniki-iqtisadi əsaslandırması aparılır. Biz onu quraşdıranda elektrik enerjisi təkcə Türkiyədən Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) gəlməyəcək. Elektrik enerjisi də KKTC-dən Türkiyəyə və bütün dünyaya, Avropaya veriləcək". 

Avropa.info xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Quzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri zamanı deyib. 

Cevdet Yılmaz KKTC kanalı "Bayrak" Radio Televiziya Qurumunun (BRT) canlı yayımında gündəmlə bağlı sualları cavablandırıb. 

KKTC ilə Türkiyə arasında İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu ilə bağlı sualı cavablandıran Yılmaz bu əməkdaşlığın KKTC-nin suveren bir dövlət olaraq varlığının və infrastrukturunun gücləndirilməsini nəzərdə tutduğunu açıqlayıb. 

Layihələrdə insanların prioritetlərinin nəzərə alındığını vurğulayan Yılmaz səhiyyə, təhsil və enerji sahələrində mühüm işbirliklərinə hazırlıq görüldüyünü bildirib. 

Türkiyə rəsmisi İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu çərçivəsində gənc və qadın sahibkarlara dəstək verildiyinə diqqət çəkərək, KKTC-dəki sahibkarların Türkiyədən və dünyanın müxtəlif yerlərindən gələn iş dünyası ilə daha yaxından işləmələrinin məqsədəuyğun olduğunu vurğulayıb. 

Türkiyə və KKTC ilə əməkdaşlıq çərçivəsində “su layihəsi”nin və Ercan hava limanının infrastruktur işlərinin tamamlandığını xatırladan Yılmaz yaxın vaxtlarda kənd təsərrüfatının suvarılması layihəsinə başlanılacağına diqqət çəkib.

Yılmaz Türkiyədən KKTC-yə kabel vasitəsilə elektrik enerjisinin verilməsi layihəsi haqqında aşağıdakı məlumatları verib: 

"Türkiyə ilə bir-birinə bağlı sistemin qurulmasını nəzərdə tutan bu yol təkcə KKTC-ni deyil, bütün adayı dünyaya və Avropaya birləşdirən bir sistemdir. Hazırda bir layihənin texniki-iqtisadi əsaslandırmaları aparılır. Bu tamamlandıqdan sonra tikinti mərhələsinə keçiləcək. Biz iki yollu sistemi nəzərdən keçiririk. Biz onu quraşdırdığımız zaman elektrik təkcə Türkiyədən KKTC-yə gəlməyəcək. Bu mənada elektrik enerjisi də KKTC-dən Türkiyəyə, Avropaya və bütün dünyaya veriləcək". 

Böyük sərmayələri bir-bir həyata keçirəcəklərini, uğur hekayələrini artıracaqlarını vurğulayan Yılmaz buna Türkiyə və KKTC-nin bütün rəsmiləri, maraqlı tərəfləri və texniki heyəti ilə nail olacaqlarını bildirib.


Oxunma sayı: 4126

Oxşar yazılar