Keçmiş baş nazirlə daxili işlər naziri arasında əlbəyaxa DAVA – ANBAAN VİDEO

  • 12:47 - 14 Sentyabr

Slovakiyanın keçmiş baş naziri İqor Matoviç Bratislavada hökumət binası qarşısında “Kurs” – Sosial Demokratiya partiyasının mətbuat konfransında keçmiş daxili işlər naziri Robert Kaliniyakla dava edib. Bundan əvvəl Matoviç digər keçmiş baş nazir, opponentlərin Kremlyönlü siyasətçi adlandırdığı Kurs lideri Robert Fikonun çıxışını pozmağa cəhd edib.

Avropa.info xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülərə görə, Matoviç mətbuat konfransına səsucaldanları olan pikapla gəlib. O, Qərbi Avropa ölkələrinə miqrant axınının keçdiyi Macarıstanla sərhəddə sərhəd nəzarətinin tətbiqini tələb edən siyasi rəqiblərinin çıxışını kəsməyə çalışıb. Kalinyak Matoviçi maşından çıxarmağa çalışıb və bu zaman əlbəyaxa dava düşüb. Keçmiş hökumət başçısı keçmiş nazirin üstünə “Cəhənnəmə get, oğru” deyə qışqıraraq, onun sinəsindən təpiklə vurub.

Onlara Kursun deputatlığa namizədi Riçard Qlük də qoşulub və Matoviçin üzünə yumruq zərbəsi endirib. Davanı polis əməkdaşı ayırıb. Polis departamentinin sözçüsü bildirib ki, idarə hadisəyə qiymət verəcək.

Qeyd edək ki, 2020-ci ildə keçirilən əvvəlki parlament seçkilərində Matoviçin Adi İnsanlar və Müstəqil Fərdlər partiyası 25 faiz səslə böyük qələbə qazanıb. Bu, siyasətçiyə hökumətə rəhbərlik etməyə imkan verib. Hökumət koalisiyası sonradan dağılıb. Matoviçin keçmiş siyasi tərəfdaşlarının bəyanatlarına və bir çox müşahidəçinin fikrinə görə, bu, daha çox baş nazirin qeyri-sabit və ekssentrik davranışı ilə bağlı olub.

Sentyabrın 30-da keçiriləcək növbədənkənar seçkilərdə, sorğulara görə, “Adi insanlar” koalisiyalar üçün müəyyən edilmiş yeddi faizlik həddi aşa bilməmək riski daşıyır (onlar bir neçə başqa partiya ilə birlikdə seçkiyə gedirlər). Kurs isə seçkiqabağı sorğularda partiyaya təxminən 20 faiz səs verərək liderdir. Demək olar ki, eyni reytinq Kursun əsas rəqibləri olan liberal Mütərəqqi Slovakiya partiyasına aiddir.

Seçki kampaniyası zamanı Robert Fiko hakimiyyətə gələcəyi təqdirdə Ukraynaya hərbi yardımı tamamilə dayandıracağına söz verib. Slovakiyanın hazırkı hakimiyyəti Kiyevi fəal şəkildə dəstəkləyir, bu ölkə Ukraynaya xeyli miqdarda silah, o cümlədən qırıcı təyyarələr ötürüb.


Oxunma sayı: 4225

Oxşar yazılar