Almaniyada sağlamlıq böhranı: xəstəxanaların 25 faizi bağlana bilər

  • 13:20 - 02 İyun

Almaniyanın səhiyyə naziri Karl Lauterbax xəbərdarlıq edib ki, ölkədə planlaşdırılan xəstəxana islahatı həyata keçirilməsə, xəstəxanaların 25 faizi bağlana bilər.

Avropa.info xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə müsahibə verən Lauterbax qeyd edib ki, ölkədə planlaşdırılan mübahisəli xəstəxana islahatı bir çox xəstəxanaların maliyyə və struktur çətinliklərində sağ qalmasını təmin edəcək. 

Alman səhiyyə sistemi üçün islahatların aktuallığını vurğulayan Lauterbax bildirib ki, xəstəxanalarda nəzarətsiz bir iflasın başlanğıcındayıq. İslahat olmasa, xəstəxanaların 25 faizi böyük ehtimalla iflas edəcək. 

COVID-19 epidemiyası əksər ölkələrdə olduğu kimi Almaniyada da səhiyyə xidmətləri, işçilər və xəstəxanalar üzərində böyük təzyiq yaradıb. Bu təzyiq Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı ilə daha da artıb. 

Almaniyadakı 1900 xəstəxananın 60 faizi böyük maliyyə problemləri ilə üzləşir. Xəstəxanalardakı köhnə avadanlıqlardan, kadr çatışmazlığından, təcili yardım xidmətlərində gözləmə müddətlərinin uzun olmasından, müalicənin keyfiyyətinin aşağı düşməsindən və həddindən artıq bürokratiyadan şikayətlər edilir. 

Ölkədə planlaşdırılan və böyük müzakirələrə səbəb olan xəstəxana islahatı ilə xəstəxanaların maliyyələşdirilməsi və strukturunun yenidən təşkili hədəflənir. 

İslahata görə, xəstəxanalar artıq yalnız tibbi işlərin sayına görə maliyyələşməyəcək. Bu, xəstəxanalara olan maliyyə təzyiqini azaldacaq. Xəstəxanaların 3 kateqoriyaya bölünməsi planlaşdırılır. Klinikaların müəyyən müalicələr üzrə ixtisaslaşması və xəstələrin daha keyfiyyətli müalicə alması hədəflənir.


Oxunma sayı: 3675

Oxşar yazılar