Stoltenberq İsveçin NATO üzvlüyünü müzakirə etmək üçün Ankaraya səfər edəcəyini AÇIQLADI

  • 12:33 - 02 İyun

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Alyansa üzvlüyü ilə bağlı danışıqlar aparmaq üçün Ankaraya qaçılmaz səfər edəcəyini açıqlayıb. 

Avropa.info-nun məlumatına görə, Osloda jurnalistlərlə söhbətində Stoltenberq bildirib ki, Türkiyə paytaxtına səfərin dəqiq tarixi razılaşdırılır. 

Baş katib xatırladıb ki, həftənin əvvəlində Ərdoğanla telefon danışığı olub, söhbət zamanı Stokholmun NATO-ya daxil olması mövzusuna da toxunulub. “Bizim mesajımız ondan ibarətdir ki, İsveçin NATO-ya üzvlüyü təkcə İsveç üçün deyil, həm də Skandinaviya ölkələri, Baltikyanı region və bütövlükdə NATO üçün vacibdir. Təbii ki, bu, Türkiyə və digər müttəfiqlər üçün də vacibdir”, - deyə baş katib bildirib. 

O qeyd edib ki, bu gündən [1 iyun 2023-cü il] İsveçdə yeni antiterror qanunu qüvvəyə minib. 

“Təkcə Türkiyənin deyil, Avropa İttifaqının və digər ölkələrin qiymətləndirmələrinə görə, bu gün Stokholm terrorizmin təzahürlərinə, o cümlədən PKK terror təşkilatına qarşı mübarizəni gücləndirmək üçün addımlar atır. Mən İsveçdə yeni qaydaların qəbulunu, eləcə də Stokholm və Ankara arasında əməkdaşlığın gücləndirilməsini alqışlayıram. Bu, həm də İsveçin üçtərəfli Madrid Memorandumu üzrə öhdəliklərini yerinə yetirməsinin sübutu olacaq”, - Alyansın baş katibi bildirib. 

Stoltenberq Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarının unudulmaması lazım olduğunu vurğulayıb. 

“NATO müttəfiqlərindən heç biri Türkiyə qədər tez-tez terror hücumlarına məruz qalmayıb. Bu baxımdan terrorun istənilən təzahürlərinə qarşı Türkiyə ilə birgə fəaliyyət göstərməyimiz vacibdir. Bu məsələdə müttəfiqlərin səylərini, eləcə də İsveçin ötən ay terrorla mübarizəni sürətləndirmək və Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək üçün atdığı addımları alqışlayıram. Əminəm ki, İsveçin Alyansa qoşulması ilə bağlı protokol yaxın vaxtlarda ratifikasiya olunacaq”.


Oxunma sayı: 2751

Oxşar yazılar