
Türkiyənin yeni parlamenti bu gün and içəcək
- 11:49 - 02 İyun
28-ci çağırış Türkiyə parlamentinin yeni tərkibi cümə günü, iyunun 2-də and içəcək.
Avropa.info xəbər verir ki, ölkənin ali qanunverici orqanının ilk iclasını millət vəkillərinin ən yaşlısı - Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı açacaq.
Sonra millət vəkilləri prioritet qaydada tribunadan Konstitusiyada təsbit olunmuş and mətnini oxuyacaqlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da TBMM-in ilk iclasına qatılacaq və fəxri qonaqlar qutusundan andiçmə prosesini izləyəcək.
Bundan sonra parlamentin yeni sədrinin seçilməsi prosesi başlayır.
Mayın 14-də Türkiyə parlamentinə seçkilər keçirilib.
Onların nəticələrinə görə, 600 yerdən Ədalət və İnkişaf Partiyası 268 millət vəkili mandatı, Yenidən Rifah Partiyası - 5, MHP - 50, Yaşıllar Sol Partiyası - 61, TIP - 5, Cümhuriyyət Xalq Partiyası - 169, İYİ Partiya 43 mandat alıb.
Seçici fəallığı 87,05 faiz təşkil edib.
Qeyd edək ki, prezident Ərdoğanın andiçmə mərasimi şənbə günü, iyunun 3-də parlament binasında nəzərdə tutulub.