Ankarada Azərbaycanın Müstəqillik Günü qeyd edilib

  • 10:00 - 27 May

Türkiyənin paytaxtı Ankarada mayın 28-də qeyd olunan Azərbaycanın Müstəqillik Günü, eləcə də Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş ziyafət verilib. 

Avropa.info xəbər verir ki, tədbirdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, xarici ölkələrin diplomatik missiyalarının nümayəndələri, çoxsaylı qonaqlar iştirak ediblər. 

Tədbirdə çıxış edən Oktay qeyd edib ki, Türkiyə Azərbaycan ərazilərinin uzunmüddətli işğalının nəticələrinin aradan qaldırılmasını və regionda həyatın normala dönməsini prioritet vəzifə hesab edir. 

“Qarabağla bağlı Azərbaycan bayrağının dalğalandığı hər yerdə uzun illərin işğalının izlərini silməyi, onun tarixinin şanlı dövrlərini bölgəyə qaytarmağı əsas borcumuz hesab edirik”, - Oqtay xüsusilə qeyd edib. 

“Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq bir daha enməz!” Bu bayraq Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksəklərə qaldırılacaqdır”. 

Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlamətdar tarixi münasibətilə salamlarını və təbriklərini çatdırıb. 

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti və Azərbaycan və Türkiyə liderləri arasında yaranmış səmimi dostluq Türkiyə-Azərbaycan əməkdaşlığına mühüm təkan verir. 

Vitse-prezident Türkiyənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini vurğulayıb. 

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan “ortaq tarixə, mədəniyyətə, dilə, inanca malik, kədərdə də, sevincdə də birləşən” qardaş ölkələrdir. 

O, 1918-ci ildə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının işğalçı qüvvələrdən azad edilməsində əsas rol oynadığını, “azərbaycanlı qardaşların çağırışına biganə qalmadığını” xatırladıb. O, qeyd edib ki, eyni zamanda Türkiyədə milli-azadlıq savaşı gedirdi və bu, Türkiyə Cümhuriyyətinin yaranmasına səbəb olur. 

“Qarabağın azad edilməsi üçün birgə səylər də bizim ümumi mübarizəmizin nəticəsidir. Fevralda Türkiyənin yaşadığı zəlzələ zamanı yardımımıza ilk gələn Azərbaycan oldu. Azərbaycandan zəlzələdən zərərçəkənlərə göstərdiyi bütün dəstəyə və təməli Kahramanmaraşda qoyulan Azərbaycan Məhəlləsi layihəsinə görə xalqımız adından səmimi təşəkkürümü bildirirəm”, - deyə Oktay bildirib. 

Onun sözlərinə görə, Bakı və Ankara müxtəlif sahələrdə, o cümlədən xarici siyasət və müdafiə sənayesi sahələrində əməkdaşlığı davamlı şəkildə genişləndirir. 

Vitse-prezident bildirib ki, iki ölkə arasında ikitərəfli ticarətin həcmi 6 milyard dolları, qarşılıqlı investisiyaların həcmi isə 30 milyard dolları ötüb. 

O əlavə edib ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi iri layihələr regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verib. Belə layihələr sırasında o, Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tifli-Ərzurum qaz kəmərinin, Bakı-Tiflis-Qars dəmir yolunun və TANAP qaz kəmərinin adını çəkib. 

Oktay qeyd edib ki, tərəflər təkcə ikitərəfli deyil, çoxtərəfli formatda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə davam edirlər. O, xüsusilə, Türk Dövlətləri Təşkilatının işini aktivləşdirmək üçün Bakı və Ankaranın səylərinə diqqət çəkib. 

Vitse-prezident vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini daha da möhkəmləndirib. 

O, Türkiyə ilə Azərbaycanın “İki dövlət, bir millət” prinsipi əsasında hərtərəfli əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəyinə əminliyini ifadə edib.


Oxunma sayı: 3576

Oxşar yazılar