BMT Aİ ölkələrində miqrasiya siyasətində “uzunmüddətli islahatlara” çağırdı

  • 14:04 - 26 May

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İdarəsi Aİ-nin miqrasiya siyasətində uzunmüddətli islahatlara ehtiyac olduğunu bəyan edib. 

Avropa.info-nun məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, bu il Aralıq dənizi vasitəsilə Avropaya 61 minə yaxın qaçqın gəlib, onlardan 47 minə yaxını İtaliyaya gedib. 

Mantu qeyd edib ki, bu il Aralıq dənizində təhlükəli miqrasiya yoluna çıxanların sayında kəskin artım müşahidə olunub. 

“İlin əvvəlindən aprelin 30-dək dəniz yolu ilə İtaliyaya 41 815 nəfər çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 289 faiz çoxdur. Ardıcıl üç ildir ki, İtaliyaya dəniz yolu ilə gələn qeyri-qanuni miqrantların sayında artım müşahidə edirik. Bu yollar çox təhlükəlidir. Bir çox gəmilər istifadəyə yararsızdır və çox asanlıqla batır”, - deyə o bildirib. 

Mantu BMT QAK-ın dənizdə miqrantların xilas edilməsini və bütün sahilyanı dövlətlərdə təhlükəsiz ərazilərə çıxışı təmin etmək üçün hüquqi və mənəvi öhdəliklərə çağırışını xatırladıb:

“BMT QAK bir daha Aİ ölkələrini dənizdə xilasetmə və məsuliyyətin bölüşdürülməsi kimi mühüm məsələləri də əhatə edən Aİ Miqrasiya və Sığınacaq Paktı mümkün qədər tez qəbul edib həyata keçirməyə çağırır. Biz həmçinin Aİ-ni Aralıq dənizində və bütün digər miqrant marşrutlarında təhlükəsizlik və həmrəyliyi fəaliyyətinin mərkəzinə qoymağa çağırırıq”. 

Mantu bildirib ki, miqrantların daxil olmaq üçün təhlükəsiz əraziləri tapa bilməsi üçün dövlət tərəfindən daha koordinasiya edilmiş axtarış və xilasetmə səylərinə ehtiyac var. 

Mantu beynəlxalq müdafiəyə ehtiyacı olan qeyri-qanuni miqrantlar üçün müayinə və sığınacaq prosedurlarının sürətləndirilməsinin vacibliyinə diqqət çəkib. 

O əlavə edib ki, BMT QAK Aİ və Üzv Dövlətlərə qaçqınlara, sığınacaq axtaranlara və vətəndaşlığı olmayan şəxslərə dəstək olmaqda kömək etməyə hazırdır.


Oxunma sayı: 2344

Oxşar yazılar