Nərimanov adına istirahət parkı nə vaxt açılacaq?

  • 14:34 - 25 May

Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkı bu ilin fevralında əsaslı təmir üçün hasarlanıb, giriş-çıxış üçün tamam bağlanıb. Bu ərazidəki yeganə parkda hər gün yüzlərlə qoca, cavan, ana, uşaq istirahət edirdi, xidmət, çayxana, yeməkxanada xeyli insan ailəsinə çalışır, ailəsinə gündəlik çörəkpulu aparırdı, su fəvvarələrindən quşlar su içirdi, təkcə insanlar deyil, burda itlər, pişiklər də sərinləyirdi. Artıq 4-cü aydır park bağlıdır, üzrxahlıq lövhəsi də vurulub, hər gün buradan gedib gəlirəm, cəmi 6-7 nəfərin nə iləsə məşğul olduğu  görünür, ciddi, dinamik bir iş görünmür, ağacların da yaşıl rəngi vaxtsız solur, görünən budur ki, bu yay parkın açılmasına inam yoxdur.

Bakı sakinləri yaxşı bilir ki, bağlanan parklarda təmir, yenidənqurma işləri illərlə uzanır, acı bağırsaq kimi sürünür, təbii ona görə ki, belə vəziyyət kimlərəsə sərf edir.

Məsələn, Ayna Sultanovanın heykəli yerləşən parkda 2015-ci ildə başlanan təmir işləri 2020-nin soyuq qış günlərində yekunlaşdı. 

Xətai rayonunda Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev Parkının təmirdən sonra istifadəyə verilməsi isə media və sosial şəbəkələrdə əməlli-başlı məzhəkəyə səbəb olmuşdu, iyuna planlaşdırılan açılış oktyabrda gerçəkləşmişdi.

Göz gördüyündən qorxar, elə bu gün metronun çıxacağında daş səki üstündə oturan, gah da qalxıb taxta hasar arasından içəri boylanan, ətrafda vurnuxan bir dəstə ahıl hirsini, qəzəb, kinini saxlaya bilməyib bəd dualar yağdırırdı: - heç gör hənanın yeridir, yayın istisində yeganə baş girləyəcəyimiz yer bu park idi, onu da üzümüzə bağladılar, hər yarağımız düzəlmişdi, qalmışdı saqqal darağımız...

Təmir, bərpa, yenidənqurma yaxşı işdir, xeyirli əməldir, ancaq hər işi vaxtında, sürətli, keyfiyyətli, insanların istirahət, işləyib qazanmaq haqqını pozmayanda. Bizimkilərin isə payız, qışın əlverişli vaxtını yola verib yayın istisi başlayanda istirahət parkını təmirə bağlanmağına nə ad vermək olar?!

Hacı Nərimanoğlu
Avropa.info


Oxunma sayı: 58609

Oxşar yazılar