Şəhərin mərkəzində zay olan “Məhsul”: Sahib çıxan yoxdur? - FOTO

  • 23:19 - 24 May

2019-cu ildə Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunun təmir ediləcəyi açıqlansa da, 4 ilə yaxın müddət ərzində orada heç bir iş görülməyib.

Avropa.info xəbər verir ki, bir vaxtlar insan qaynayan idman qurğusu hazırda xarabalığa bənzəyir.

Stadionun yanında süni örtüklü minimeydança da var və orada məşqlər keçirilir. "Məhsul"un özü isə bərbad durumdadır. Stadionun meydanında otdan əsər-əlamət qalmayıb, tribunalar və qaçış zolağı dağılıb, kənarları baxımsız vəziyyətdədir. Ətraf ərazilərdə yaşayan uşaqlardan başqa ora üz tutub futbol oynayan yoxdur.

Stadionun aqibətinin necə olacağı ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, idman qurğusu ilə maraqlanırlar, ancaq ora başqa qurumun balansındadır. Bu səbəbdən stadionun nə vaxt təmir ediləcəyi, taleyinin necə olacağı onlara məlum deyil.

"Məhsul" Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeçiliyindədir. Bu qurumdan isə oxu.az-ın sorğusuna cavab verilməyib.

Arena şəhərin mərkəz ərazilərinin birində yerləşir. İnsanların sıx məskunlaşdığı yerdə bir stadionun olması onlara asudə vaxtlarını daha səmərəli keçirmək, istirahət etmək fürsəti yarada bilərdi. Onsuz da "Məhsul"da elə əvvəldən rəsmi yarışlar az keçirilib. Ora daha çox həvəskarların toplaşıb idman etdiyi məkan olub.

İndi isə həmin ərazi xarabalığı xatırladır. Şəhərin mərkəzində zay olan "Məhsul" nə birdəfəlik sökülür, nə tikilir.

 

 

 

 

 


Oxunma sayı: 9054

Oxşar yazılar