Argentinada Kolumbiya - İsrail matçında azarkeş Fələstin bayrağı ilə saxlanıldı

  • 13:20 - 23 May

Argentinada keçirilən dünya çempionatının (20 yaşa qədər) oyunu zamanı Fələstinin bayrağını açan kolumbiyalı azarkeş saxlanılıb. 

Avropa.info xəbər verir ki, İdmanda Zorakılığın Qarşısının Alınması Agentliyinin (APREVİDE) məlumatına görə, Kolumbiya və İsrail milli komandaları arasında keçirilən oyunda tribunada Michael Andres Patino Cifuentes adlı azarkeş saxlanılıb. 

Agentlik kolumbiyalı azarkeşin “zorakılığa çağırış” ittihamı ilə saxlanıldığını vurğulayıb. 

Bir azarkeşin tribunada Fələstin bayrağını açması azarkeşlər arasında gərginlik yaradıb. Hər iki komandanın azarkeşləri arasında mübahisə anı sosial şəbəkələrdə lentə alınıb. 

Kolumbiya prezidenti Qustavo Petro bununla bağlı “Tvitter” səhifəsində yazıb: “Kolumbiyada Fələstin bayrağının açılması qadağan deyil". 

Qeyd edək ki, Kolumbiya yığması İsrailə 2:1 hesabı ilə qalib gəlib. 

Mayın 20-dən iyunun 11-dək Argentinada keçiriləcək futbol üzrə dünya çempionatında (20 yaşadək) 24 komanda iştirak edir.


Oxunma sayı: 8449

Oxşar yazılar