“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq? - Deputat AÇIQLADI

  • 13:50 - 18 May

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

Avropa.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu baxımdan, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək: "Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir. Bunun üçün ləqvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir".

Deputat qeyd edib ki, bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir: "Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub".

V.Bayramov bildirib ki, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. "Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər. Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır", - deyə o qeyd edib.


Oxunma sayı: 5644

Oxşar yazılar