BMT ekspertlərindən yeni PROQNOZ: Azərbaycan iqtisadiyyatında artım gözlənilir

  • 12:44 - 17 May

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin yeni hesabatına əsasən, inflyasiya və artan faiz dərəcələri fonunda qlobal iqtisadiyyat uzun sürən yavaş artım dövrü ilə üzləşir. 

Avropa.info xəbər verir ki, BMT ekspertləri 2023-cü il üçün əvvəlki proqnozlarını bir qədər yüksəldiblər - yenidən işlənmiş ssenariyə görə, bu il qlobal ÜDM artımı 2,3 faiz ola bilər. Lakin bu, hələ də pandemiyadan əvvəlki orta göstəricidən 3,1 faiz aşağıdır. 

2024-cü il üçün proqnoz 2,5 faizə endirilib - bu ilin əvvəlində BMT ekspertləri qlobal iqtisadiyyatın gələn il daha inandırıcı artım gözləyə biləcəyini proqnozlaşdırmışdılar. Bununla belə, COVID-19 pandemiyasının davamlı təsirləri, iqlim dəyişikliyinin artan təsiri və struktur makroiqtisadi çətinliklər qlobal iqtisadi göstəricilərə ağırlıq verməkdə davam edir. 

ABŞ-ın 2023-cü il üçün artım proqnozu ev təsərrüfatlarının xərclərinin güclü artımı fonunda 1,1 faizə yüksəldilib. Avropa İttifaqı iqtisadiyyatının aşağı qaz qiymətləri və yüksək istehlak xərcləri hesabına 0,9 faiz artacağı gözlənilir. Çin hakimiyyətinin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarı sayəsində ÜDM-in artımı 5,3 faizə çata bilər. 

Eyni zamanda, daha sərt kredit şərtləri və xarici maliyyələşdirmə xərclərinin artması səbəbindən bir çox inkişaf etməkdə olan ölkələr üçün artım proqnozlarına yenidən baxılıb. 

Afrika və Cənubi Amerika ölkələrində bu il ÜDM artımı cüzi olacaq, iqtisadi göstəricilərin uzunmüddətli durğunluğu tendensiyası davam edəcək. Ən az inkişaf etmiş ölkələrin iqtisadiyyatı 2023-cü ildə cəmi 4,1 faiz, 2024-cü ildə isə 5,2 faiz artacaq ki, bu da 7 faizlik hədəfdən xeyli aşağıdır. İqtisadi Məsələlər Departamentinin rəhbəri Li Junhua deyib: “Mövcud qlobal iqtisadi mənzərə DİM-lərə nail olmaq üçün böyük maneə yaradır”. 

“Qlobal birlik bir çox inkişaf etməkdə olan ölkələrin üzləşdiyi artan maliyyə çatışmazlığını təcili həll etməli və davamlı inkişafa kritik sərmayələr yatırmaq üçün onların potensialını gücləndirməlidir”, o əlavə edib. 

Postsovet məkanı 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və onun iqtisadi nəticələri, o cümlədən Rusiyaya qarşı sanksiyalar postsovet məkanında iqtisadi perspektivlərə təsir etməkdə davam edir. 

Rusiya iqtisadiyyatı 2023-cü ildə bir qədər daralacaq, 2024-cü ildə isə cüzi artım gözləyə bilər. Avropadan Asiyaya yönəldilmiş neft ixracından əldə edilən gəlir 2023-cü ilin birinci rübündə kəskin şəkildə azalıb. İqtisadiyyata və hərbi xərclərə maliyyə dəstəyi 2023-cü ilə qədər davam edəcək, lakin üçüncü ölkələr vasitəsilə sanksiya tətbiq edilən texnologiyaların idxalına məhdudiyyətlərin daha sərt şəkildə tətbiqi iqtisadi artıma mənfi təsir göstərə bilər. 

2022-ci ildə 29,1 faiz kiçilən Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşacaq. Ölkə iqtisadiyyatının bərpası, BMT ekspertlərinin hesablamalarına görə, 411 milyard dollara başa gələcək. 

Neft ixracatçıları - Qazaxıstan və Azərbaycan neftin qiymətinin artması səbəbindən ÜDM artımını gözləyə bilər. 

İnflyasiya və əmək bazarı 

BMT ekspertlərinin fikrincə, keçən il dünyada ərzaq və enerji qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşsə də, inflyasiya bir çox ölkələrdə inadla yüksək olaraq qalır. Yerli təchizat zəncirlərindəki pozulmalar və yüksək idxal xərcləri ilə, əksər inkişaf etməkdə olan ölkələrdə daxili ərzaq inflyasiyası yüksək olaraq qalır və ən yoxsul qruplar ilk əziyyət çəkənlərdir. 

2023-cü ildə orta qlobal inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır. 2022-ci ildə o, 7,5 faizlə son iki onilliyin ən yüksək səviyyəsinə çatıb. 

Analitiklər onu da qeyd edirlər ki, ABŞ, Avropa və iqtisadiyyatı inkişaf etmiş digər ölkələrdə əmək bazarı sabitlik nümayiş etdirir: işsizlik aşağı olaraq qalır, bəzi ölkələrdə işçi çatışmazlığı var, maaşlar artır. Bundan əlavə, pandemiya zamanı genişlənən əmək bazarında gender fərqi daralır. 

Bununla belə, istehlak xərclərinin artmasına səbəb olan işsizliyin azalması inflyasiyanın ram edilməsi vəzifəsini çətinləşdirir. ABŞ Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı və digər inkişaf etmiş ölkələrin mərkəzi bankları ötən illə müqayisədə daha yavaş olsa da, 2023-cü ildə faiz dərəcələrini artırmağa davam ediblər. 

Qlobal maliyyə şərtlərinin sərtləşməsi bir çox inkişaf etməkdə olan ölkələr üçün ciddi risklər yaradır. Mütəxəssislərin fikrincə, artan faiz dərəcələri və "kəmiyyətcə sərtləşdirmə" siyasəti inkişaf etməkdə olan ölkələrin borc həssaslığını daha da artırıb. 

Onlar inkişaf etməkdə olan iqtisadiyyatlara yüksək xarici borcun və yavaş artımın pis dövrəsini qırmağa imkan verəcək fəal beynəlxalq əməkdaşlığa çağırıblar.


Oxunma sayı: 5820

Oxşar yazılar