Osmanlının ilk başkəndinə Ramazan SƏYAHƏTİ: Övliya Çələbinin Bursanın Ayasofayası dediyi tarixi məkan hansıdır - FOTO\VİDEO

  • 14:59 - 06 Aprel

Türk cümhuriyyətlərinin media mənsublarının Ramazan səyahətinin İstanbul qismi başa çatdı. Martın 31-də Ramazan səyahətimizin Bursa turu başladı. 

Avropa.info xəbər verir ki, səfər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə baş tutub.

Səfər proqramında jurnalistlərə Türkiyənin turizm bələdçisi, Osmanlı və Türkiyənin tarixi, mədəniyyəti, incəsənəti, hətta mətbəxi barədə kifayət qədər məlumatlı olan Ramazan Çelik, eyni zamanda qardaş ölkənin Turizm və Gelişdirme Agentliyinin əməkdaşı Özden Vanlı və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Turizm, Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı Betul Erbaş müşayiət edirdilər. 

Bir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

İstanbul-Bursa yolu, Osman Qazi körpüsü

İstanbuldan Bursayadək yol boyu Türk cümhuriyyətləri media mənsublarının səmimiyyəti, dogma münasibətləri yola bir sevgi körpüsü salırdı. Ramazan bəy də yol boyu maraqlı tarixi məlumatları bizimlə paylaşır, yaddaşımızın zənginləşməsinə yardımçı olurdu. 

Artıq Osmanlının ilk başkəndi Bursadayıq. Bursaya səfərimiz zamanı ziyarət etdiyimiz yer Bursa Ulu cami oldu. Bu möhtəşəm ibadət məkanı və tarixi abidə Bursaya gələn əksər turistlərin marağını cəlb edir. Bizim ziyarətimiz zamanı da cami ibadət edənlərlə yanaşı, bu əsrarrəngiz tarixi məkana baxmağa gələn insanlarla dolu idi. 

Anadolu torpaqları türklərin İslamı qəbul etməsindən sonra fəth etdikləri torpaqlardır. Bu səbəbdən İslam dininin ibadət yeri olan məscidlərə Anadolu torpaqlarında kifayət qədər çox rast gəlinir. Türkiyənin ən möhtəşəm məscidləri arasında yer alan Bursa Ulu cami də bu ən çox ziyarət edilən ibadət yerlərindən biridir.

Bursa Ulu camisi Osmanlı sultanı I Bəyazid tərəfindən 1396-1399-cu illər arasında tikilmiş Türkiyənin ən əhəmiyyətli məscidlərindən biridir. Bursa Osmanlı hakimiyyəti altına girdikdən sonra bölgədə bir çox memarlıq əsəri inşa edilib. Onlardan biri də burada yerləşən məscidlərdir. Bursa Ulu camisi ilə bağlı bir çox detal ziyarətçilərin diqqətini çəkir.

Bursa Ulu camisi bu gün Bursada ən çox ziyarət edilən tikililərdən biridir. Bu səbəbdən çox əhəmiyyətli bir memarlıq quruluşudur. 

Bursa Ulu camisi I Bəyazidin tikdirdiyi erkən Osmanlı memarlıq əsərləri arasında çoxqübbəli monumental tikililərin birincisi kimi tanınır. Məscidin tikintisi başa çatdıqdan sonra ilk namazı Yıldırım Bəyazid, Əmir Sultan, Molla Fənarinin da olduğu camaatla zamanının çox böyük mütəfəkkiri və şeyxi Somuncu Babanın imamlığı ilə qılınıb. Məscidin ilk imamı Mövlid-i Şərifin müəllifi Süleyman Çələbidir. Məscidin günbəzinin altında yerləşən fəvvarənin 16 guşəli hovuzu və 33 çanaqlı fəvvarəsi var. Minbərin qapısındakı kitabədə məscidin tamamlanma tarixi yazılıb.

Məscid minarələri müxtəlif dövrlərdə tikilib. Qərbdəki ilk minarə Yıldırım Bəyazid dövründə tikildiyi halda, şərqdəki minarə Çələbi Sultan Mehmet tərəfindən tikilib. 1402-ci ildə Əmir Teymurun Anadoluya hücumundan sonra məscid dağıdılıb və sonradan təmir işləri aparılıb. Ümumi sahəsi 3165 kvadratmetr olan Bursa Ulu camisi Ulu camilər arasında ən böyüyü olaraq tanınır. Ulu cami 12 sütun üzərində 20 günbəzlə örtülüb. Məscidin üstündəki günbəzin üstü açıqdır. Hava dövranını təmin edir.

Bursa Ulu camisinin minbəri Şah əsər adlanır. Qoz ağacından bir mismar və yapışdırıcı material olmadan həndəsi parçaların bir-birinə qarışması ilə hazırlanmış ağac emalı tam sənət əsəri hesab olunur. Minbər kainatı simvolizə etdiyi halda, üzərində günəş sistemi təsvir olunub. Buradakı planetlər Günəşə olan məsafələri və ölçü nisbətləri hesablanaraq çəkilir. Dövrün şərtlərini nəzərə alsaq, bu vəziyyəti möcüzə adlandırmaq olar. 

1396-1399-cu illər arasında inşa edilən Bursa Ulu camisinin memarı Əli Neccar olduğu məlumdur. Erkən Osmanlı memarlıq tikililərinin ən möhtəşəmi olan Ulu cami 20 günbəzlə örtülmüş bir əsərdir. Məscidin ən böyük və ortasında olan günbəzin üstü açıqdır və son illərdə şüşə ilə örtülüb. 

Bursa Ulu camisini tikdirən Yıldırım Bəyazid Niğbolu zəfərindən qazandığı qənimətlərlə məscid tikdirmək istəyir. Memarlar bugünkü Ulu caminin yerləşdiyi ərazidə tikinti işlərinə başlamağa qərar verirlər. Həmin ərazidə evi və ya bağı olan insanlara başqa yerdə torpaq verilir. Üstəlik, insanlara bu evlərin dəyərindən qat-qat yüksək qızıl paylanır. Ancaq həmin ərazidə bir qadın evini vermək istəmir. Külli miqdarda pul təklif olunsa da, qadın qəbul etmir. Sultan və vəziri qadının ayağına getsə də, heç cür onu yola gətirə bilmirlər. Sultan bu məsələni həll etmək üçün Divanı toplayır və bu işə çarə tapmağa çalışır. Həmin gecə qadın yuxusunda Məhşər yerini görür. Çox böyük izdirab çəkdiyini görən qadın ertəsi gün öz ayaqları ilə saraya gələrək, torpağı məscidin tikintisi üçün bağışlayır.

Bursa Ulu camisi əvvəl təkyə olaraq tikilib, sonradan məscid kimi istifadə edilməyə başlamasına baxmayaraq çox sütunlu məscid sxeminin ən klassik və monumental nümunəsi sayılır. Düzbucaqlı planlı məscid təxminən cəmi 5 min kvadrat metr ölçüdə olub, 20 qübbə ilə örtülüdür. Səkkizbucaqlı halqalara oturan günbəzlər mehrab divarına dik beş cərgə halında düzülüb.  Ulu cami, bəzi din adamları tərəfindən İslamın 5-ci ən yüksək mərtəbəsində olan ibadətgah kimi qəbul edilir. İslamda ən yüksək mərtəbəli məscid, Məkkədəki Məscid-i Həram, digərləri Mədinədəki Məscid-ün Nəbəvi, Qüdsdəki Əl-Əqsa, Şamdakı Əməvi məscidləridir. Bəzi İslam alimlərinə görə, beşincilik Anadoluda inşa edilən ilk məscid olan Diyarbəkirdəki Ulu camiyə aiddir. Ancaq Əmir Sultan, Ağ Şəmsəddir, Molla Gürani kimi din xadimlərinin bildirdiklərinə görə beşincilik Bursadakı Ulu camiyə məxsusdur. 

Ulu cami Bursanın ən görkəmli məscid və ən mühüm tarixi tikililərindəndir. Övliya Çələbinin ifadəsi ilə Bursanın Ayasofayasıdır.  Düzgün kəsmə daşlarla inşa edilmiş qalın bədən divarlarının ağır təsirini yüngülləşdirmək üçün cəbhələrdə hər bir günbəz sırası səviyyəsinə gəlmək üçün kar iti kəmərlər keçirilib. Hər tağın içində iki sıra halında iki pəncərə yer alır. Bunların lazım formaları lazım ölçüləri hər səmtində fərqlidir. Son camaat yeri olmayan binanın şimal hissəsində künclərdə sonradan tikilən iki minarə var. Minarələrin ikisi də bədən divarına oturmayıb yerdən tikilib. Qərb guşəsindəki minarə I Bəyazid tərəfindən tikdirilib. 8 bucaqlı formalı tribuna tamamilə mərmərdən, gövdəsi kərpicdəndir. I Mehmetin tikdirdiyi deyilən şərq guşəsində kvadrat tribunalı minarə, məscidin əsas divarından da bir metrə yaxın aralıdır.Əbdüləziz oğlu Mehmet tərəfindən tikilən tac qapısı, bərk qoz ağacındandı, heç mismar istifadə edilmədən minbərində qurulan ağac emalı olan bir şah əsərdir. Minbər kainatı təmsil edir. Üzərinə günəş sistemi qabarıq bir forma ilə işlənib. Planetlər Günəşə məsafələri və ölçülərinin nisbətləri doğru olaraq yerləşdirilib.  Şərəfələr hər iki minarədə də eyni olub kərpic mukarnaslarla bəzədilib. Qurğuşunla örtülü kornet 1889-cu ildə baş verən yanğın zamanı sökülüb, bugünkü düyünlü daş kornet tikilib.

Türk-İslam dünyasının ən qədim məscidlərindən biri Bursadakı Ulu camidir. Minbərin giriş qapısının üzərindəki kitabədə qızıl hərflərlə Osmanlıca, "Yıldırım Bəyazid xan tərəfindən hicri 804-cü ildə (miladi 1399) tikdirilmişdir" ifadəsi yazılıb. Ulu cami Bursa şəhər mərkəzində, Atatürk prospektindədir.

Türk cümhuriyyətlərinin media mənsublarının Türkiyə səfəri Bursada başa çatdı. Ramazan ayında çıxdığımız bu səfər bizə yeni və dəyərli dostlar qazandırdı. Hər zaman olduğu kimi, Türkiyənin tarixi və turistik yerləri bizi heyrətə saldı, ruhumuzu oxşadı. Növbəti səfərlərdə yeni dostların qazanılması, yeni yerlərin kəşf edilməsi ümidi ilə…

Rəsul Mirhəşimli
İstanbul-Bursa-Bakı


Oxunma sayı: 25169

Oxşar yazılar