İsraildən ABŞ-a sərt REAKSİYA: "Bayraqdakı ulduzlardan biri deyilik"

  • 11:33 - 30 Mart

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkəsindəki mübahisəli məhkəmə tənzimləmələrini tənqid edən ABŞ prezidenti Co Baydenə cavabında ABŞ bayrağındakı ulduzlar vasitəsilə mesaj verib. 

Avropa.info xəbər verir ki, Baydenin İsraildə kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə tənzimləməsini tənqid etməsi, baş nazir Binyamin Netanyahudan sonra ifrat sağçı Ben-Qvirdən də reaksiya alıb. 

İsrail Ordusu Radiosuna danışan Ben-Qvir Baydenin “İsrail bu yola davam edə bilməz” tənqidinə belə cavab verib: 

"İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyil. Biz demokratik dövlətik və mən ABŞ prezidentinin bunu başa düşməsini gözləyirəm". 

İsraildə məhkəmə hakimiyyətinin hökumətin xeyrinə məhdudlaşdırılmasına yönəlmiş qanunvericiliyi müdafiə edən ifrat sağçı nazir, “Bunu bütün dünyada başa düşmək lazımdır: Buradakı insanlar seçkilərə gedib və onların öz tələbləri var", deyib. 

Qeyd edək ki, ABŞ prezidenti Bayden İsraildə kütləvi etirazlara və tətillərə səbəb olan mübahisəli məhkəmə tənzimləməsindən narahatlığını bildirib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Bayden İsrailin çətin bir prosesdən keçdiyi və bununla məşğul olmaq məcburiyyətində olduqları fikrini paylaşaraq, Netanyahunun sözügedən məhkəmə tənzimləməsindən əl çəkəcəyinə ümid etdiyini bildirib. 

"Onlar bu yola davam edə bilməzlər. Mən bunu bir növ aydınlaşdırdım", - deyə o qeyd edib. Bayden Netanyahunun real barışığa gətirib çıxaracaq şəkildə hərəkət edəcəyinə ümid etdiyini bildirib. 

İsrailin baş naziri Benyamin Netanyahu da Baydenin tənqidlərinə reaksiya verib. Netanyahu "Twitter" hesabında silsilə paylaşımlarda bunları qeyd edib: “İsrail öz qərarlarını kənar təzyiqlərə, o cümlədən ən yaxşı dostlarına deyil, öz xalqının iradəsinə əsaslanaraq qəbul edən suveren bir ölkədir”. 


Oxunma sayı: 3103

Oxşar yazılar