Kimlər Putinin həbsini istəyir? – Dünya liderlərinin reaksiyası

  • 15:24 - 19 Mart

Dünyanın müxtəlif ölkələrinin liderləri və diplomatları Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinə qarşı həbs qərarı çıxarmasına münasibət bildiriblər.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda Putinin digər cinayətlərinin də araşdırılmasını tələb edib.

Onun sözlərinə görə, Ukrayna xalqına qarşı törədilmiş digər cinayətləri: işgəncə, zorlama və qırğınları araşdırmağın vaxtı çatıb.

Estoniya Prezidenti Alar Karis "Heç bir cinayət cəzasız qalmır" ifadəsini işlədib.

Həmin ölkənin Baş naziri Kaya Kallas BCM-in qərarına belə reaksiya verib: "Rusiya rejimi cavab verəcək".

Çexiya xarici işlər naziri Yan Lipavski isə deyib ki, Rusiya prezidenti hərbi cinayətlərə görə məsuliyyət daşıyır və təcavüz cinayətinə görə də mühakimə olunmalıdır.

Latviya xarici işlər naziri Edqars Rinkeviçs də BCM-in qərarını alqışlayıb: "Beynəlxalq hüququ pozanlar cəzasız qalmamalıdır".

Litva xarici işlər naziri Qabrielius Landsberqis isə bildirib ki, Putinin həbs edilməsi haqda qərar yeni presedent yaradır: "Tarix yalnız bütün hərbi cinayətlər və təcavüz cinayətləri araşdırıldıqda və günahkarlar mühakimə olunanda sona çatacaq".

"Hollandiya da müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər üçün cəzasızlıqla mübarizədə BCM-i dəstəkləyir", - bu ölkənin xarici işlər naziri Vopke Hokstra deyib.

ABŞ da məsələ ilə bağlı açıqlama verib.

"Beynəlxalq Cinayətlər Məhkəməsinin prokuroru müstəqil şəxsdir və əlində olan sübutlara əsaslanaraq hökm çıxarır. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlar cavab verməlidir", - Ağ Evin bəyanatında qeyd olunub.

Avropa Birliyi diplomatiyasının rəhbəri Josef Borrell isə belə reaksiya verib:

"Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərarı Ukraynada hərbi cinayətlərə görə potensial məsuliyyət daşıyan şəxslərin məhkəmə qarşısına çıxarılması prosesinin yalnız başlanğıcıdır".

Onun sözlərinə görə, söhbət ukraynalı uşaqların Rusiyaya qanunsuz qaçırılmasından gedir:

"Cinayətin ağırlığı və BCM-in qərarı öz sözünü deyir. Bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır. Həmişə Avropa Birliyində açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir".


Oxunma sayı: 3092

Oxşar yazılar