Jurnalistlər üçüncü bina bağlı növbəti dəfə bir ARAYA GƏLDİLƏR

  • 13:00 - 17 Mart

Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş 3-cü binanın tam hazır olmasına baxmayaraq bu günə kimi jurnalistlərə paylanmaması əlavə söz-söhbətlərə rəvac verib. Evsiz jurnalistlər dünən növbəti dəfə yığışaraq bina ətrafında yaradılmış qeyri-müəyyənliyi müzakirə ediblər. 

Avropa.info xəbər verir ki, jurnalistlər son günlərdə mediada yayılmış informasiyalar, xüsusilə də Meydan TV-də yayılan MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun jurnalistlərin 3-cü binasının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etməsinə dair məlumat barəsində fikirlərini bölüşüblər. Müzakirələrin gedişində vurğulanıb ki, üzərindən bir həftəyə yaxın müddət keçsə də, qurumun bu informasiyaya hər hansı formada münasibət bildirməməsi ortadakı qeyri-müəyyənliyi daha da artırıb.

Toplantı zamanı bu müddət ərzində görülən işlər barədə də məlumatlar paylaşıldı. Mətbuat Şurasının sədri Rəşad Məcidin jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət etdiyi xatırladıldı. Jurnalistlər həmin mənzillərin bu il media əməkdaşlarına verilməsinin mümkünlüyü haqda fikirlərini bölüşüblər. Təklif olunub ki, həmin mənzillərin bölüşdürülməsi ilə bağlı kriteriyaların müəyyən edilməsi və sənədlərin qəbulu üzrə işlər Mətbuat Şurasına həvalə edilsə, daha məqsədəuyğun olar. Bunlardan əlavə, məsələ ilə əlaqədar jurnalistlərin Milli Məclisin deputatları ilə dəstək xarakterli görüş keçirmələrinə yönəlik təşəbbüs də bəyənilib.

İştirakçılar müzakirələrin yekununda jurnalistlərin 3-cü binası ətrafında süni şəkildə yaradılmış müəmma və problemlərin aradan qaldırılacağına və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı Sərəncamın nəhayət icra olunacağına ümidlərini ifadə ediblər.


Oxunma sayı: 3246

Oxşar yazılar