Ukrayna ordusu yaz hücumuna hazırdırmı? - “O qüvvələri qəsdən Baxmutun müdafiəsinə göndərmirlər...”

  • 18:36 - 17 Mart

"Bir vaxtlar Rusiya üzərində Ukraynanın əsaslı üstünlüyü hesab olunan keyfiyyətli hərbi gücü bir il ərzində təcrübəli döyüşçülərin döyüş meydanından uzaqlaşması, çoxsaylı itkilər nəticəsində aşağı düşüb. Artıq bəzi ukraynalı rəsmilər çoxdan gözlənilən effektli yaz hücumu zamanı Kiyevin hərbi əməliyyatlara hazır olacağını şübhə altına alıblar".

Avropa.info "azpolitika.info"ya istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetində dərc olunan məqalədə bildirilir. "ABŞ və Avropa rəsmilərinin hesablamalarına görə, Rusiyanın işğalı başlayandan bəri 120.000-ə qədər ukraynalı əsgər həlak olub və ya yaralanıb. Ukrayna hətta ən sadiq Qərb tərəfdarlarından belə qurbanların sayını gizli saxlayır", - məqalədə qeyd olunur.

Bölgədəki hərbçilərin sözlərinə görə, itkilərin yerini doldurmaq üçün gətirilən təcrübəsiz əsgərlər, artilleriya və minaatan mərmiləri də daxil olmaqla, əsas sursatların çatışmazlığı Ukrayna qüvvələrinin profilini dəyişib.

46-cı Hava Hücum Briqadasının batalyon komandiri, Ukrayna hərbi protokoluna uyğun olaraq yalnız "Kupol" ləqəbi ilə tanınan hərbçi deyir ki, müharibədə ən qiymətli şey döyüş təcrübəsidir. Onun sözlərinə görə, altı aylıq döyüşdən sağ çıxan əsgərlə poliqondan yeni gələn əsgər arasında yerlə göy qədər fərq var. Kupol təəssüflə bildirir ki, təcrübəli əsgərlərin sayı azdır, onların bir çoxu ölüb və ya yaralanıb.

"Vaşinqton Post" qəzeti yazır ki, belə qiymətləndirmələr paytaxt Ukraynada cəbhə xəttindən tutmuş hakimiyyət dəhlizlərinə qədər açıq-aşkar bədbinlik yayır. "Ukraynanın böyük əks-hücum həyata keçirə bilməməsi ABŞ və onun avropalı müttəfiqlərinin təlim proqramlarını dərinləşdirməyə və ordunu "Bradleys", "Leopard" tankları da daxil olmaqla zirehli döyüş maşınları ilə təmin etməyə məcbur edib. Amma bu tədbirlərin uzun zaman gecikməsi, cəbhədə vəziyyətin pisləşməsindən sonra gətirilməsi tənqidləri gücləndirib",-məqalədə qeyd olunur.

Adının çəkilməməsi şərti ilə "Vaşinqton Post"a danışan ABŞ rəsmisi bildirib ki, hazırda döyüş meydanındakı vəziyyət Ukrayna qüvvələrinin real vəziyyətini əks etdirməyə bilər. Çünki Kiyev gələcək əks-hücumda iştirak edəcək qoşunları ayrıca hazırlayır və onları qəsdən hazırkı döyüşlərə, o cümlədən Baxmutun müdafiəsinə göndərmir.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak qəzetə deyib ki, Ukrayna qüvvələrinin vəziyyəti onun qarşıdakı əks-hücumla bağlı nikbinliyini azaltmır. "Potensialımızı tükəndiyimizi düşünmürəm. İstənilən müharibədə elə bir zaman gəlir ki, yeni kadrlar hazırlamalısan, Ukraynada bu, hazırda baş verir", -o qeyd edib.

Qəzet yazır ki, Rusiya üçün vəziyyət indikindən daha pis ola bilər. "Keçən ay NATO-nun iclası zamanı Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Rusiya ordusunun 97 faizinin artıq Ukraynada yerləşdirildiyini və Moskvanın "Birinci Dünya Müharibəsi dövründəki səviyyədən" əziyyət çəkdiyini bildirib",- nəşr ondan sitat gətirir.

Kupol bildirib ki, qarşıdakı əks-hücum üçün hazırlanan Ukrayna qoşunlarının hazırda onun komandanlığı altında cəbhədə xidmət edən təcrübəsiz əsgərlərdən daha çox uğur qazanacağına ümid edir. "Hər zaman bir möcüzəyə inam var. Ya qırğın, hər tərəf cəsədlərlə dolu olacaq, ya da peşəkar əks-hücum olacaq. İki variant var. İstənilən halda əks-hücum olacaq", - Kupol vurğulayıb.

Ukraynalı hərbi bloger Yuriy Butusov isə "Feysbuk"da yazıb ki, "Vaşinqton Post"a müsahibə verdiyinə görə Kupol cəzalandırılıb, onu həbs təhlükəsi gözləyir: "Kupol 46-cı aviasiya briqadasının batalyon komandiri olub, 2014-cü ildə döyüşüb, rus işğalına qarşı mübarizədə parlaq naliyyətləri ilə özünü göstərib. O, ehtiyatdan qurulan batalyonda yeganə zabit kadr idi. Onun tabeliyində olan 500 əsgərindən 100-ü həlak oldu, 400-ü yaralandı. Soledar yaxınlığında döyüşlər zamanı güclü şaxtadan ayaq barmaqları dondu və amputasiya edildi..."


Oxunma sayı: 2520

Oxşar yazılar