Azərbaycanda Novruz bayramı ƏNƏNƏLƏRİ: Qubadlıda İlaxır çərşənbəsi necə keçirilib... - VİDEO

  • 11:50 - 14 Mart

Azərbaycanda Bahar bayramı adı ilə yeni ilin qeyd olunmasının tarixi minilliklərlə hesablanır. Qobustan qaya təsvirlərində bu bayramın qeyd olunması öz əksini tapıb. Bahar bayramı xalqı birliyə səsləyən bayramdır. Qobustandakı təsvirlərdə əks olunan halaylar da bu birliyi simvollaşdırır.

Azərbaycan əhalisi İslam dinini qəbul etdikdən sonra Bahar bayramına başqa rənglər də əlavə olunub. Azərbaycan ərazisində əhali bu bayrama xüsusi əhəmiyyət verib və dövlət səviyyəsində qeyd edib. Xalqın inancına görə Bahar bayramının ilk günündə Hz.Əli (ə) xəlifə seçilib. Yerli əhali bayramı qeyd edərkən bu tarixi hadisəni Bahar bayramının atributları sırasına daxil edib.

Yeri gəlmişkən, qeyd edək ki, təsəvvüf simvolu kimi Şah obrazı Hz.Əliyə (ə) aid edilir. Salikin həqiqətə və Haqqa qovuşması yolunda sınaq və yollarının başında dayanan Şah Hz.Əlidir (ə). Bu simvolun sufi şeirində izharına təkyə şairi Qul Nəsiminin yazdıqlarında baxaq:

Haq qatında aləmin məhbubi-Rəhmandır Əli,

Övliyalar sərvəri həm Şahi-Mərdandır Əli.

Ey Nəsimi, “Mən arəf” sirrin biləndir adəmi,

Adəmin həm surətində hərfi-Qurandır Əli.

Göründüyü kimi, irfan əhli Şah deyərkən Hz.Əlini (ə) nəzərdə tutur. Hz.Əli (ə) İslam təsəvvüf düşünücəsində dərindən təsir göstərmiş şəxsiyyətdir. Onun elmi, əxlaqı, zöhd və təqvası, yəni ibadət həyatına verdiyi önəm sufilər tərəfindən örnək alınıb. İstər Əxi və Bektaşi dərvişləri, istərsə də digər təriqət mənsubları Hz.Əliyə (ə) Şahi-Vilayət və Sultanul-övliya ləqəblərini veriblər.

Bayramın Azərbaycan ərazilərində böyük təntənə ilə keçirilməsinə tarixi mənbələrdə də rast gəlmək mümkündür. Orta əsr mənbələrində Bahar bayramının qeyd olunması haqqında ən doğlun məlumatlar Səlcuqlar dövləti dövrünə dair tarixi qaynaqlarda öz əksini tapıb. Bahar bayramı Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular dönəmlərində də yüksək səviyyədə qeyd olunub. Lakin bayramla bağlı ən geniş məlumatlara Azərbaycan Səfəvi dövləti zamanına aid mənbələrdə rast gəlinir.

Səfəvilər dövründə bu bayram dövlət səviyyəsində böyük şadyanlıqla qeyd olunub. Bəllidir ki, Səfəvilər dövründə Azərbaycana çoxlu sayda Qərbi Avropa diplomatları gəlirdi. Onlar vətənimiz, onun adət-ənənələri və keçirdikləri bayramlar haqqında da geniş məlumatlar veriblər. Bu diplomatlardan biri də fransız diplomat Jan Şardendir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun mərhum əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dostumuz Dilavər Əzimli Jan Şardenin yazdıqlarını bir neçə il əvvəl mənə təqdim etmişdi. Dilavər Əzimli sağlığında bu barədə yazmağı məndən istəmişdi, mən də bu barədə yazılanları səhifəmdə yaymışdım.

Fransalı diplomat Azərbaycan Səfəvi dövləti ərazsində üç bayramın xüsusi qeyd olunduğunu vrğulayıb. Fransız diplomat ilin fəsillərinin dəyişib, yazın gəlməsini Azərbaycan ərazisində əziz günlər olduğunu yazıb. Qeyd edək ki, J.Şarden Ramazan bayramı və məhərrəmlik mərasimini də bu sıraya qatdığından üç mərasim haqqında xüsusi olaraq söz açır. Maraqlıdır ki, on səkkinsinci yüzildə yaşamış fransız diplomat Aşuranı İslam dini yolunda Şəhidlik bayramı adlandırır.

J.Şarden Azərbaycan ərazisində mühüm bayram kimi qeyd olunan Bahar bayramını göstərir. O qeyd edir ki, Yeni il bayramı mülki bayram olmasına baxmayaraq, artıq dini bayram sayılır. J.Şarden o dövr haqqında yazır ki, mart ayının 21-də gün çıxandan qırx yeddi dəqiqə sonra qala qornizonu və artileriyası yeni il bayramını elan etmək məqsədilə üç dəfə atəş açırdı.

Azərbaycan ərazilərində Bahar bayramının qeyd olunması ilə bağlı venesiyalı səyyahların da yazdıqlarında rast gəlmək mümkündür. Venesiyalı səyyahlar yazır:

“Bayram davam etdiyi gün ərzində 50-60 nəfər sufi çalğı alətləri və xəlifələri ilə birlikdə kəndlərdən piyada gəlirlər. Onlar meydan daxil olaraq dairə yaradaraq, tək-tək, iki-iki, üç-üç və dörd-dörd rəqs etməyə başlayırlar. Digərləri isə ilahilər oxuyur və Şah II Təhmasibə həsr etdikləri nəğmələri ifa edirlər. Bu xəlifələrin hər biri əllərində əsa gəzdiri. Onların çoxu şaha hərə öz imkanına görə hədiyyə gətirir. Bu hədiyyələrin içərisində 10 qoç, quzu və bəzən atlar da olurdu”.

Mart ayının ilk həftəsində isə Səfəvilərin paytaxtında Qızılgül bayramı keçirilirdi. Qızılgülün simvolikasının isə İslam peyğəmbəri Hz. Məhəmməd (s) ilə bağlı olması hamıya məlumdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də yazdığı “Gül” qəsidəsində bu simvolikaya işarə edilir. Sonralar Qızılgül bayramlarından təsirlənən avropalılar öz yaşadıqları ərazilərdə gül bayramları keçirməyə başlayıblar.

Bayramın bu ənənə ilə qeyd olunması Azərbaycanın cənub bölgələrində və Qarabağda xüsusi təntənəsi ilə fərqlənir. Xalq inanclarına görə, Hz.Əlinin (ə) hakimiyyətə gəlməsi ilə ilin axır çərşənbəsi eyni günə düşüb. Bu səbəbdəndir ki, yerli xalq axır çərşənbəni Əmir bayramı, yaxud Əmir əl-möminün bayramı kimi də qeyd edib.

Qubadlı rayonunda ilin axır çərşənbəsi özünün xüsusi atributları ilə qeyd edilirdi. Həmin gün yerli əhali öz arasından bir nəfəri Şah seçərdi. Bayram günlərində bütün ərazidə bütün hakimiyyət Şahın əlində cəmləşərdi. Maraqlıdır ki, hətta sovet rejimi zamanında bayramın bu şəkildə qeyd olunmasının qarşısını almaq mümkün olmayıb.

İndi də Qubadlıda ilaxır çərşənbəsi zamanı bayram mərasimlərinin necə keçirilməsinə diqqət edək. Həmin gün seçilən Şah əyanlarını və fərmandarları təyin edərdi. Meydanda sarayını quran Şah rayonun imkanlı adamlarını hüzuruna çağırtdırar, onlara xüsusi vergi təyin edər və bu məbləğ xəzinəyə yığılardı. Xüsusi təntənə ilə keçən bayram tədbiləri zamanı yığılan vəsait imkansız insanlara yardım şəklində paylanar, kənd yolları və körpülər təmir edilərdi. Qeyd edək ki, ianələrin toplanmasında əhali könüllü şəkildə iştirak edirdi. Bilirdilər ki, toplanan vəsait xeyriyyə işlərinə sərf ediləcək.

Martın 14-də ilaxır çərşənbəsidir. Yaşlıların həsrətlə xatırladığı, orta nəslin şirin xatirələrlə dolu bir keçmişi var bu günün.

Azərbaycan etnoqrafiyasında və mədəniyyətində mühüm yer tutur bu gün. Nələr dəyişsə də insanlarda baharın gəlişi bağlı yeni ümidlərin baş qaldırdığı ənənələr dəyişmir.

Allah hər gününüzü xeyirli, ömrünüzü bahar bərəkətli etsin! Allah bütün dualarınızı qəbul eləsin!

Rəsul Mirhəşimli
Avropa.info

P.S. Videoda 33 il əvvəl Qubadlıda Novruz bayramının qeyd olunması təsvir olunub. Bayram tədbirində bütün atributların yerində olmasına xüsusi diqqət edilib.


Oxunma sayı: 5380

Oxşar yazılar