AFAD AÇIQLADI: Zəlzələ bölgəsində vəziyyət ağırlaşır! Ölənlərin sayı ilə bağlı yeni RƏQƏMLƏR - FOTO

  • 19:12 - 21 Fevral

Episentri Türkiyənin Kahramanmanmaraş bölgəsində olan zəlzələlərin qurbanlarının sayı 42 310 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Hökuməti yanında Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsinin (AFAD) məlumatında deyilir. 

Kahramanmanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində insan tələfatı qeydə alınıb. 

Fəlakət bölgəsindən təxliyə edilənlərin sayı 448 018 nəfərə çatıb. 

Hazırda təbii fəlakət bölgəsinə AFAD, Türkiyə Silahlı Qüvvələri, Sahil Mühafizəsi, yanğınsöndürmə xidməti, qeyri-hökumət təşkilatları, eləcə də beynəlxalq strukturların nümayəndələri də daxil olmaqla 14 740 nəfər axtarış-xilasetmə personalı cəlb olunub. Ümumilikdə zəlzələ zonalarında 242 392 nəfər polis, jandarma, təcili yardım və s. fəaliyyət göstərir.

Dağıntıların təmizlənməsinə 13700 texnika, o cümlədən ekskavatorlar, evakuatorlar, kranlar, buldozerlər, yük maşınları, sudaşıyanlar, qoşqular və digər tikinti texnikası cəlb olunub. 

Fəlakət zonasına canlı qüvvə və materialların daşınması üçün yaradılmış “hava körpüsü”ndə 11 907 uçuş həyata keçirilib. 

Milli Müdafiə Nazirliyi və Sahil Mühafizəsi Komandanlığı şəxsi heyətin daşınması, humanitar yardım və əhalinin təxliyəsi üçün ümumilikdə 38 gəmi ayırıb. 

301 289 çadırın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, rayonda 6375 modul tipli ev quraşdırılıb.


Oxunma sayı: 3433

Oxşar yazılar