İran rejiminin ritorikası və taktikası dəyişir: Tehran rejimindən terror aktı barədə absurd İDDİA

  • 09:01 - 02 Fevral

Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir.

Avropa.info xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib.

Asif Nərimanlının sözlərinə görə, artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür:

"Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığına” haqda uydurmalar ortaya atılır;

İranın sərgilədiyi mövqe bu terror aktının Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır".

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

İran rejimi yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadəni ruhi xəstəxanaya yerləşdirib.

Terror aktının ilk günündə Tehran polisi rəisi açıqlama verərək Hüseynzadənin iki azyaşlı uşağı ilə səfirliyə müraciət etdiyini və hadisənin ailə-məişət zəminində baş verdiyini iddia etdi. Bundan sonra İran rejiminin müxtəlif yüksək səviyyəli rəsmiləri eyni iddiadan çıxış etməyə başladı. Lakin yayımlanan faktlar bu iddianın tamamilə absurd olduğunu bir daha nümayiş etdirdi.


Oxunma sayı: 2410

Oxşar yazılar