Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB - VİDEO

  • 12:39 - 30 Yanvar

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Avropa.info xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

***12:19

Şəhid Orxan Əsgərovun nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına gətirilib.

Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

***11:46

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Avropa.info xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

*** 11:17

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

Vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

APA xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.

Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

***10:45

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Avropa.info APA-ya istinadən xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir. Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün II Fəxri xiyabana aparılması gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.


Oxunma sayı: 4390

Oxşar yazılar