Tehran Azərbaycan səfirliyinə hücumun araşdırılmasında əməkdaşlıq TƏKLİF EDİR

  • 19:50 - 27 Yanvar

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın iki ölkə arasında münasibətlərə təsir etməməlidir. 

Avropa.info bildirir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı zamanı deyib. 

Abdullahian hadisənin bütün hallarının araşdırılması üçün iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlıq təklif edib. 

İranın xarici işlər naziri hücumu pisləyib, nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. O, mərhumun ailəsinə və azərbaycanlı həmkarına başsağlığı verib. 

Abdullahianın sözlərinə görə, “iki ölkənin düşmənləri baş verənlərdən istifadə edə bilərlər”. 

"Biz hücumun İran və Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərməsinə icazə verə bilmərik", - iranlı nazir deyib. 

Məlumata görə, Ceyhun Bayramov iranlı həmkarının hadisənin baş vermə şəraitinin aydınlaşdırılması məqsədilə iki ölkənin hüquq-mühafizə və məhkəmə orqanları arasında əməkdaşlıq və əlaqələndirmə təşəbbüsünü müsbət qarşılayıb. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.


Oxunma sayı: 2487

Oxşar yazılar