Almaniyanın strateji qurumlarına qarşı KİBERHÜCUM - Ruslar Ukraynaya "Leopard" tanklarının göndərilməsinin qisasını alır?

  • 09:33 - 27 Yanvar

Rusiyalı hakerlər Almaniyanın Ukraynaya "Leopard" tankları ilə yardım etmək qərarına gəlməsindən dərhal sonra Almaniyanın strateji qurumlarına qarşı kiberhücumlara başlayıblar. 

Avropa.info "Eorunews"a istinadən xəbər verir ki, Almaniya Federal Kibertəhlükəsizlik Agentliyinin (BSI) verdiyi açıqlamada böyük şirkətlər və hava limanları da daxil olmaqla, Almaniyanın böyük administrasiyalarının internet saytlarının kiberhücumların hədəfi olduğu bildirilib. 

Ölkədə hədəflərə qarşı davam edən DDoS (Distributed Denial of Service) hücumları barədə məlumatlandırıldıqlarını ifadə edən BSI sözçüsü deyib ki, maliyyə sektorunda və federal hökumət saytlarında fərdi hədəflərə də hücum edilib. 

Paylanmış Xidmətdən imtina (DDoS) hücumları veb-saytın normal fəaliyyətini dayandırmaq və ya tamamilə pozmaq üçün nəzərdə tutulmuş kiberhücum üsuludur. 

Adətən dövlət qurumlarını, pərakəndə və ya maliyyə şirkətlərini, medianı və ya digər təşkilatları hədəf alan hücum zamanı qurbanlar internet saytlarından istifadə edə bilmirlər. 

BSI-nin məlumatına görə, hücuma görə məsuliyyəti Rusiyanın Killnet haker saytı öz üzərinə götürüb. 

Handelsblatt media qrupu hücumların Berlinin Ukraynada Leopard 2 tanklarının yerləşdirilməsinə razılıq verməsi üçün cavab olduğunu bildirib. 

Bununla belə, BSI sözçüsü belə bir hücumun haradan gəldiyini dəqiq müəyyənləşdirməyin çətin olduğunu bildirib. 

"Hazırda cəlb edilən xidmətlərə birbaşa təsir göstərən heç bir əlamət yoxdur və BSI-nin qiymətləndirməsinə görə, adi qoruyucu tədbirlər tətbiq olunarsa, heç bir təsir gözlənilməməlidir". 

Almaniya son illərdə Rusiya əsaslı kiberhücumların hədəfinə çevrilib. 2015-ci ildə Almaniya parlamentinin aşağı palatası olan Bundestaq və keçmiş kansler Angela Merkelin ofisi də rusiyalı hakerlərin hücumuna məruz qalıb. 


Oxunma sayı: 1695

Oxşar yazılar