İsveçdə ifrat sağçı və neonasistlərin populyarlığı artır: Neonasist təşkilatın törətdiyi cinayətlər - FAKTLAR

  • 12:06 - 26 Yanvar

İsveç hakimiyyəti “söz azadlığı” bəhanəsi ilə dini inanclara qarşı hücumlara, o cümlədən müsəlmanlar üçün müqəddəs kitab – Qurana qarşı təhqirlərə məhəl qoymamaqda davam edir. Bütün bunlar ultrasağ qüvvələrin mövqelərini gücləndirir, həmçinin ekstremistlərin, o cümlədən ən böyük neonasist hərəkatı olan Nordik Müqavimət Hərəkatının (NRM) törətdiyi cinayətlərin artmasına kömək edir. 

Radikallar və neonasistlər İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra İsveç dövlətinin ciddi müqaviməti ilə üzləşməyiblər. 

Açıq mənbələrə görə, eləcə də İsveç mediasının məlumatına görə, NRM özü 1997-ci ildə neonasistlər tərəfindən təsis edilib. 2008-ci ildə Finlandiyada, 2011-ci ildə Norveçdə neonasist hərəkatının nümayəndəliyi açıldı ki, bu da radikallara bütün Skandinaviya regionunu əhatə etməyə imkan verdi. 

Bu hərəkatın üzvləri Adolf Hitlerin ideyalarını dəstəkləyərək irqçilik, ksenofobiya, antisemitizm təbliğatı ilə məşğuldurlar. Onların fəaliyyəti təkcə üç ölkədə yaşayan yəhudilərə qarşı deyil, həm də onların fikirlərini bölüşməyən əhalinin bütün təbəqələrinə qarşı yönəlib. 

NRM-nin qurucusu və ilk lideri Klas Lund 1986-cı ildə Nynaşamn şəhərində üç miqrant yeniyetməni neonasistlərin hücumundan qorumağa çalışan Ronni Lundinin qətlində təqsirli bilinib. 

Avropa.info bildirir ki, 2022-ci ildə ABŞ Konqresinin bir sıra üzvləri NRM-nin ABŞ Dövlət Departamenti tərəfindən “terror təşkilatı” siyahısına salınmasına çağırıblar. 

Özünü “inqilabçı hərəkat” adlandıran NRM-nin əsas məqsədi Skandinaviya ölkələrində demokratik hökuməti devirmək və ciddi siyasi və ideoloji nəzarət altında vahid totalitar Milli Sosialist dövləti yaratmaqdır. Onlar Hitlerin, danimarkalı neonasist ideoloqu Povl Riis-Knudsenin ideyalarını əsas ilham mənbəyi hesab edirlər. 

Hərəkat “Şimali Avropa xalqlarının nümayəndəsi olmayan və ya onlara yaxın olmayanların əksəriyyətinin Skandinaviya ölkələrindən çıxarılmasını” zəruri hesab edir. 

İsveç Ədliyyə Nazirliyinin Cinayətin Qarşısının Alınması üzrə Milli Şurasının (Bra) dərc etdiyi hesabata görə, 2021-ci ildə ölkədəki nifrət cinayətlərinin 55 faizini ksenofobiya və irqçilik, 17 faizini isə dini inanclar təşkil edib. 

Dini qruplara qarşı bütün nifrət cinayətlərinin 51 faizi islamofob, 27 faizi antisemitizm, 11 faizi antixristian, 11 faizi isə digər qruplara qarşı yönəlib. 

İsveçdəki yəhudi təşkilatlarının nümayəndələri antisemitizm təzahürlərinin artması ilə bağlı narahatlıqlarını bildirirlər və bu, ölkədə ifrat sağçı mövqelərin güclənməsi ilə "normal hal alıb".


Oxunma sayı: 3785

Oxşar yazılar