Rusiyanın ali ruhanisindən nüvə hədəsi - bir din adamının sayıqlaması, yoxsa...

  • 12:47 - 24 Yanvar

“İndiki şəraitdə Rusiyanın məğlubiyyəti bütün bəşəriyyət üçün fəlakətli nəticələrə gətirə bilər”. Bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kiril deyib. “Bu gün dünya üçün, ölkəmiz və bütün bəşər övladı üçün çox böyük təhlükələr var.

Çünki bəzi ağılsız insanlarda istək yaranıb ki, güclü silahlara malik, nəsildən-nəslə qələbələr qazanan güclü insanların yaşadığı, heç vaxt heç bir düşmənə təslim olmayan, həmişə qalib gələn Rusiyanı indiki şəraitdə ya məğlub edə bilərlər, ya da, necə deyərlər, təzədən formatlaşdıra bilərlər: yəni ona hansısa dəyərləri, - bunu dəyər də adlandırmaq olmur -  sırıya bilərlər. Ki, o da hamı kimi olsun və dünyanın çox hissəsini idarə etmək gücünə sahib olanlara itaət etsin”, - deyə o qeyd edib.

“Rəbbimizə dua edək ki, o ağılsızları ağıllandırsın və onlara anlatsın ki, Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaq”, - Rus Pravoslav Kilsəsinin başçısı bildirib və faktiki dünyanı atom silahı təhdid edib. O zaman ağıllı kimdir, ağlını itirən kim?

“Biz inanırıq ki, Rəbbimi Rusiya torpaqları üzərindən, Rusiya hakimiyyətindən, pravoslav prezidentimizdən, ordumuzdan nəzərini çəkməyəcək, Rusiya lazım gələrsə, öz torpağını və xalqını müdafiə etmək gücünə sahib olacaq” - bunu da Kiril söyləyib.

Halbuki bundan əvvəl Kirill “mənəvi səfərbərliyə” çağırış etmişdi və demişdi ki, o, ruslarla ukraynalıları barışdırmağa kömək edəcək.

Eləcə də Rusiya Prezidenti Vladimir Putinin ruhanisi adlandırılan, Pskov və Porxov mitropoliti Tixon Şevkunov  “Ukraynadakı münaqişə ancaq Allahın izni ilə həll oluna bilər” demişdi. "Adi insan bu məsələni - qardaşlar arasında döyüşü, nifrəti həll edə bilməyəcək".

Bəs görəsən bir din adamının mərhəməti, humanizmi deyil, Ukraynadakı işğalı, qəddarlığı, zorakılığı təbliğ və təşviq eləməsi, faktiki günahsız insanların qətliamına bəraət qazandırması, üstəlik, bəşəriyyəti kütləvi qırğın silahı ilə təhdid etməsi doğrudurmu? Ruhani bir şəxsin belə ritorikası nədən xəbər verir?

İnanclı xanımların hicab hüququ - Ərdoğanın təklifi Azərbaycanda da  reallaşsa...

Rəsul Mirhəşimli: “Kirilin bu çağırışları Rusiya siyasətinə rəhbərlik edənlərin danışdıqlarından heç nə ilə fərqlənmir”

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki,  bir din xadiminin müharibənin yaşatdığı dəhşətləri görməzdən gəlməsi ən azı təəssüf hissi yaradır: “Rusiyanın patriarxı Kiril Rusiya-Ukrayna müharibəsini dəyərləndirərkən bir din xadiminin mənsub olduğu inanclar sisteminin humanizm prinsiplərinə uyğun çağırışlar səsləndirməyib, öz ölkəsinin siyasətinə uyğun açıqlamalar verib. Bu da Rusiya xristianlarının başçısının müstəqil din təbliğindən uzaqlaşdığını, Putinin Ukraynanı işğalına haqq qazandırmaq istəyini göstərir.

Rusiyanın patriarxı Kirilin bu çağırışları Rusiya siyasətinə rəhbərlik edənlərin danışdıqlarından mahiyyətcə heç nə ilə fərqlənmir. Əgər din xadimi mənsub olduğu inancın ehkamlarına uyğun hərəkət etsəydi, müharibənin dərhal dayandırılmasını tələb edər, şəhərlərin yerlə yeksan edilməsini, mülki əhalinin, uşaqların ölümünə səbəb olan, insanların girov və əsir götürüldüyü savaşın durdurulmasına çağırış edərdi. Bu çağırışlar dini motivlər üzərində qurulmadığından özündə daha çox siyasi çalarları ehtiva edir. Bu çıxış Putinin Ukraynaya təcavüz barədə səsləndirdiyi fikirlərdən mahiyyətcə az fərqlənir".

İlahiyyatçı əlavə edib ki, din xadiminin üzərinə düşən vəzifə hərbi əməliyyatların dərhal dayandırılmasını, iki xristian ölkənin rəhbərlərinin danışıqlar masasında problemləri həll etməsinə çağırış olmalıdır: “Fakt budur ki, Rusiya Ukrayna torpaqlarını işğal edib. Bu müharibəyə nə qədər kənardan təhriklər olsa, müharibənin uzanmasını istəyən dövlətlərin və siyasi qüvvələrin varlığını danmaq mümkün olmasa da, fakt faktlığında qalır ki, işğala məruz qalan tərəf Ukraynadır. Rusiyanın patriarxı heç bir tərəfə fayda gətirməyən bu müharibənin dayandırılması üçün nüfuzlu din xadimlərini bir araya gətirməli, həmin din xadimlərinin savaşın dayandırılması istəklərini öz dövlətinin rəhbərlərinə çatdırmalıdır.  Rusiya patriarxının müstəqil fikir yürütmək azadlığının olmadığını nəzərə alsaq, baş verən fəlakətlərin üzərindən sükutla keçməsini, milyonlarla ukraynalının öz torpaqlarından qaçqın düşməsinə, bu müharibənin dünya düzəninə mənfi təsir etməsini, insanlara fəlakətlər yaşatdığını, eləcə də savaşmaq istəməyən milyonlarla rusiyalının öz ölkəsindən qaçmasını görməzdən gəlməsini humanizm və dini dünyagörüşü prinsiplərinə uyğun dəyərləndirmək mümkün olmadığı üçün bu mövqeni zalıma və işğala haqq qazandırmaq istəyi saymaq olar”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov: “Rusiyanın imperiya olması məhz dini şüarlar əsasında həyata keçirilib, indi də...”

AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Rusiyanın məğlubiyyəti insanlığı yox etməz: “İnsanlığın məğlubiyyəti insanlığı məğlub edə bilər. Mən müasir beynəlxalq münasibətlərdə din xadimlərinin bu cür bəyanatlarına, sadəcə, ideoloji təbliğatın tərkib hissəsi kimi baxıram. Amma bir zamanlar Rusiyanın imperiya olması məhz dini şüarlar əsasında həyata keçirilib. İşğal edilmiş bölgələrdə zorla xristyanlaşdırılma aparılıb. Tatar və başqırd xalqlarının tarixi buna misaldır. Ancaq Qafqazda bunu etmək mümkün olmadı. Azərbaycan türkləri, tatlar, talışlar, avar və ləzgilər, kumuklar və saxurlar, tabasaranlar və laklar islamdan uzaqlaşmadılar. Sonra da bir sovet dönəmi gəldi. Qılınc və qanın edə bilmədiyini sovet təbliğatı qismən elədi. Ona görə Rusiya da, onun qarşısında dayanan imperialist Qərb də məsum deyildir. Lakin Rusiya cəmiyyət olaraq daha ənənəvidir. LGBT və digər məsələlərə qarşı. Onun qarşısında dayananlar isə dəccaliyyət düşüncəsinə öz "Hollywood"u ilə, Quranı DİN icazəsi yandıran parazitləri ilə daha yaxındır. İki yanaşmanın geosiyasi iddiaları altında isə Ukrayna xalqı əziyyət çəkir və digər məzlum insanlar. Ümumiyyətlə, dini qurumlar və rəhbərləri sadə dindarın ruporu və minbəri olmalıdır. Geosiyasi iddiaların deyil. Bu baxımdan, Rusiya patriarxının çıxışı da bir istisna deyildir. O da geosiyasi reallıqlardan çıxış edir. Modern reallıqlar dini avtoritetlərin çıxış nöqtəsini təəssüf ki, dəyişə bilir".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Bu, Həzrət İsanın (ə) prinsipləri deyil, pravoslav kilsəsinin Rusiya dövlətinə xidmətidir”

Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlu da bizimlə söhbətdə qeyd etdi ki, bütün dini qurumlar tarix boyu dövlətlərə xidmət edib: “Orta əsrlərdə din hakimiyyətlərin legitimləşməsi vasitəsi olub. Xristian ölkələrində yeni krala tacı kilsədə qoyurdular, islam ölkələrində isə yeni hakimin adına məsciddə xütbə oxunurdu. Bu qayda indi də davam edir. Rəsmi dini idarələr bir qayda olaraq dövlətin təsiri altındadır, onun fəaliyyətinə legitimlik donu geyindirir. Bu, dəyişməyən qaydadır. Kirilin açıqlamasına da bu kontekstdən yanaşmaq lazımdır. Bu, Həzrət İsanın (ə) prinsipləri deyil, pravoslav kilsəsinin Rusiya dövlətinə xidmətidir. Tarix boyu rus pravoslav kilsəsi rus hakimiyyətinə tabe olub. Hətta uzun repressiya illərindən sonra İkinci Dünya müharibəsinin gedişində Stalin kilsələrin fəaliyyətinə icazə verəndə belə kilsə yenə hər şeyi unudub, "çara" xidmət etməyə başladı. İndi də elədir. Kimsə hansısa dövlətin rəsmi dini idarəsindən o dövlətin siyasəti əleyhinə bəyanat gözləyirsə, o adam ya çox sadəlövhdür, ya da dinlərin tarixini bilmir".


Oxunma sayı: 793

Oxşar yazılar