Bu ölkə parlamentindən təcili AÇIQLAMA: "Avropa ilə əlaqələrimizi gözdən keçirəcəyik"

  • 15:32 - 24 Yanvar

Mərakeş Assambleyası Avropa Parlamenti (AP) ilə əlaqələrini nəzərdən keçirmək və hərtərəfli qiymətləndirmək qərarına gəlib. 

Avropa.info xəbər verir ki, AP-nin yanvarın 19-da Mərakeşdə insan hüquqlarının pozulması ilə bağlı qəbul etdiyi qətnamə layihəsi ilə bağlı ölkə parlamentində növbədənkənar iclas keçirilib. 

İclasdan sonra Mərakeş Parlamentinin hər iki palatası adından verilən açıqlamada AP-nin tərəflər arasında əməkdaşlıq və etimad prinsiplərini sarsıtdığı iddia edilib. 

Mərakeşin maraqlarına və imicinə xələl gətirmək cəhdlərini pisləyən bəyanatda, "Avropa Parlamentinin qərarı səlahiyyət həddini aşmaq və ölkələrin suverenliyinə qəsddir" ifadəsi işlədilib. 

Bəyanatda bildirilib ki, Assambleya bu gündən etibarən AP ilə münasibətlərinə yenidən baxılması və müvafiq və yekun qərarların qəbulu üçün bu münasibətlərin hərtərəfli qiymətləndirilməsinə tabe olması barədə qərar qəbul edib. 

Mərakeş Ədalət və İnkişaf Partiyasının parlament blokunun rəhbəri Abdullah Buvanu "Anadolu" agentliyinə bildirib ki, Mərakeşdə mətbuat və ifadə azadlığı ölkənin daxili işidir. 

Buvanu qeyd edib ki, Mərakeşə qarşı şantaj ehtiva edən xarici qərarlar rədd edilib. 

Mərakeşdə üç partiya AP-nin Mərakeşdə insan haqlarının pozulması ilə bağlı qəbul etdiyi qətnamə layihəsinə reaksiya verib. 

İstiqlal Partiyası Parlament Blokunun sədri Nurəddin Mudyan parlamentin iclasındakı çıxışında AP-nin qərarını “Mərakeşin daxili işlərinə aşkar müdaxilə” kimi qiymətləndirib. 

Mudyan bəyan edib ki, Avropa ölkələrinin hüquqlarını, o cümlədən mühacir və müsəlmanların hüquqlarını göz ardı edən AP başqa ölkələrə hücum etməyə çalışır. 

Sosialist Partiyası Parlament Bloku sədri Abdurrahim Şehid AP-nin qərarını "Avropanı bürüyən böhranlarla mübarizə cəhdi" adlandırıb. 

Milli Müstəqillər Partiyasının (MİP) Parlament Blokunun sədri Məhəmməd Qayyas qeyd edib ki, sözügedən qərar bəzi intriqalara, gündəmlərə və maraqlara xidmət edir. 

Avropalı parlamentarilərin öz parlamentlərinin onların işlərinə qarışmaması fikrini dəstəklədiklərini vurğulayan Qayyas onların yalnız başqalarının işinə və müstəqil dövlətin məhkəmə sisteminə qarışdıqlarını iddia edib. 

Qayyas bəzi AP üzvlərini rüşvət almaqda ittiham edib. 

Yanvarın 19-da Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasında “Braziliya, Mərakeş və Qarabağda insan hüquqlarının pozulması” adlı qətnamə layihələri qəbul edilib. 

Mərakeşlə bağlı qətnamə layihəsində Avropa Parlamentinin deputatları Mərakeş hakimiyyətini “media azadlığına hörmət etməyə və jurnalistləri təqib etməyi dayandırmağa” çağırıblar. 

Ömər Radi, Süleyman Raysuni və Tevfik Buaşrin kimi həbsdə olan jurnalistlərin sərbəst buraxılmasını tələb edən Avropa Parlamenti üzvləri Mərakeşin jurnalistləri izlədiyini iddia edərək, AB ölkələrindən Mərakeşə bu cür texnologiyalar satmamalarını istəyiblər. 

Qanun layihəsində deputatların AP-dəki korrupsiya istintaqında Mərakeşlə bağlı iddialara görə narahat olduğu, Qətərə qarşı alınan məhdudlaşdırıcı qərarların Rabat üçün də tətbiq edilməsi lazım olduğu da irəli sürülüb. 

Qanun layihəsində Aİ və üzv ölkələrə Mərakeşdə jurnalistlər və siyasi məhbuslar məsələsini qaldırmağa davam etmək çağırışı daxil idi.


Oxunma sayı: 2608

Oxşar yazılar