Serbiya prezidentindən kompromis TƏKLİFİ: Vuçiç istefa verəcəyini istisna etmir

  • 10:43 - 24 Yanvar

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyət fonunda istefa verəcəyini istisna etməyib. 

“Əgər Serbiyaya (danışıqlarda) vaxt qazanmaq lazımdırsa, istefa verə bilərəm. Mən ölkəmin əsgəriyəm və bunun üçün yaşayıram”, - Vuçiç deyib. 

Onun sözlərinə görə, Serbiya Kosovonun NATO və Avropa Şurasına üzv olmasına mane ola bilməyəcək. 

Avropa.info-nun məlumatına görə, Vuçiç həmçinin bildirib ki, Qərb Serbiyanın Avropaya inteqrasiyası prosesinin və investisiyaların davam etdirilməsini Belqradın Priştina ilə yeni Franko-Almaniya danışıqlar planının şərtlərini qəbul etməsi ilə əlaqələndirir. O, bəyan edib ki, indiki şəraitdə Serbiya kompromis axtarmalıdır. 

“Kosovo ilə bağlı bizə təqdim olunan plan danışıqlar üçün yeni çərçivə müəyyən edir. Kosovonun tanınması plana daxil edilməyib”, - deyə prezident izah edib. 

Serbiya lideri Qərblə Rusiya Federasiyası arasında münasibətlərə və Ukraynadakı müharibəyə də toxunub. 

“Qərbin gündəmi Rusiyanın məğlubiyyətidir və bu gündəliyin həyata keçirilməsinə mane olan hər şey onunla aradan qaldırılacaq. Ukraynadakı münaqişə Serbiya üçün də böyük problemdir”, - deyə dövlət başçısı bildirib.


Oxunma sayı: 2025

Oxşar yazılar