Sosial mənzillərin SATIŞINA BAŞLANILDI - VİDEO

  • 18:08 - 23 Yanvar

Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanıb.

Bu barədə Avropa.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq və mənzil seçmək imkanı yaradılıb.

Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda (//www.youtube.com/watch?v=FdY-CV9RwIw ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat verilir.

Portalda almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı "Bron et" düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək mümkündür.


Oxunma sayı: 771

Oxşar yazılar