Bərdədə kişi ögey qızını bıçaqladı: "Benzini, kibriti götürüb..." - TƏFƏRRÜAT

  • 23:59 - 14 Yanvar

Bərdə rayonunda 1993-cü il təvəllüdlü Şikar ailə münaqişəsi zəminində həyat yoldaşının qızı Fatiməyə xəsarət yetirib.

Avropa.info teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il iyulun 23-də baş verib.

Şikar həmin gün saat 21 radələrində Cəmilə ilə birgə nikah dövründə yeni inşa etdirdikləri fərdi yaşayış evinin həyətində mübahisə edib. Mübahisəyə müdaxilə edən Cəmilənin qızı Fatiməyə bıçaqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Şikarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub. Şikarın barəsində olan cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib. İş hakim Elsun Əhmədovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şikar bildirib ki, "Tural" çörək zavodunda fəhlə işləyir: "2016-cı ildə Bərdə şəhərində yaşayan Cəmilə ilə tanış oldum. Onunla telefon vasitəsilə danışırdım. Həmin vaxt Cəmilə rəsmən evli olsa da, atasıgildə qalırdı. 2017-cı ildə Cəmilə ərindən ayrıldı.

Bərdə rayonu Əliyanlı kənd bələdiyyəsindən 1 sotu 600 manat olmaqla 4 sot torpaq aldım. Orada özümüz üçün ev tikdirmək fikrim var idi. İş yerimdə lotereya oynayırdım. Pulu götürən kimi evin tikintisi üçün xərcləyirdim. Öz pulumla ilk 8x8 m ölçüdə bünövrə tökdürdüm. Həmin bünövrənin puluna Cəmilə kömək etməyib".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə Cəmilə ilə ailə qurduqdan sonra yavaş-yavaş evin tikintisinə başlayıblar: "Lotoreyada öz növbəmdə bütöv pul götürən kimi tikintiyə başlayırdım. Hər dəfə pul götürəndə evin bir hissəsinin tikintisi ilə məşğul olurdum. Cəmilə də arabir evin tikintisi üçün köməklik edir, pul verirdi.

2022-ci ilin iyununda evin içərisində yerin taxtaların döşətdirdim, tavana isə alçipan vurdurdum. Lakin evin qapıları qoyulmadı. Evin pəncərələrində öz pulumla düzəltdirdim. İndiyə qədər müxtəlif vaxtlarla Cəmilə evin təmir-tikintisi üçün mənə müxtəlif məbləğlərdə pullar verib. Biz bu işləri rəsmi olaraq evli olduğumuz müddətdə etmişik".

Şikar qeyd edib ki, hadisədən təxminən 3-4 gün qabaq Cəmilə 2 döşək və 1 ədəd taxta çarpayı gətirərək evə qoyub: "Lakin orda yaşayış olmayıb. İndiyə kimi Cəmilə ilə aramızda bir neçə dəfə münaqişə olub. Rəsmi olaraq ayrılmaq üçün Bərdə rayon Məhkəməsinə müraciət etmişik. Bir dəfə məhkəmə iclasında olmuşuq".

Şikarın sözlərinə görə, iyulun 23-də, saat 21 radələrində axşam saatlarında evə baş çəkmək üçün Əliyanlı kəndinə gedib: "Evə çatanda Cəmilə, anası Roza, qızları Fatimə və Mədinə orada idi. Sonradan bacısı İradə və bacısı qızı Aynur da ora gəldi. Mən evə çatan kimi onlar üstümə düşdülər. Mənə "sən kimsən bura gəlmisən?" dedilər. Sonra da məni daşladılar.

Cəmilə ilə mübahisə zamanı Fatimə anasının yanına gələrək qolumdan tutdu. Fatiməyə aralaşmasını bildirdim. Onu vurmadım, sadəcə itələdim. Avtomobilin yük yerində olan ehtiyat 1 litrlik benzini götürdüm və evə qayıtdım. Benzini evin içərisinə tökdüm, kibrit ilə yandırdım. Ev alovlanmağa başlayanda əlimdə olan benzin də partladı və məni çölə atdı. Bundan sonra özümə gəldim və evdən çıxdım. Mənim kimisə öldürmək fikrim olmayıb".

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun həmin ifadəsini tədqiq edib.

Şikar istintaqa bildirib ki, hadisə baş verən günü axşam saatlarında evə baş çəkmək üçün Əliyanlı kəndinə gedib: "Evə çatanda Cəmilə, anası Roza, qızları Fatimə və Mədinəni də orda gördüm. Cəmilə ilə aramızda olan mübahisə zamanı Fatimə onun yanına gəldi və qolumdan tutdu. Fatiməni uzaqlaşdırmaq üçün bıçaqla onun əlinə vurdum. Bıçaq onun sol əlinə xəsarət yetirdi. Onlar səs-küy etdiyindən ordan uzaqlaşdım. Bıçağı ora atdım. Fikirləşdim ki, əgər bu evi tikib burda yaşamayacağamsa, məni bu evə qoymayacaqlarsa, qoy heç kimə qalmasın. Avtomobildən ehtiyat 1 litr benzini götürərək evə qayıtdım. Benzini evin içərisinə tökərək od vurdum".

Zərərçəkmiş Fatimənin sözlərinə görə, hazırda məktəbdə oxuyur: "Təqsirləndirilən şəxs ögey atamdır. Anam birinci dəfə 2009-cu ildə doğma atam İsmayılla ailə qurub, həmin evlilikdən bir bacım var. Anam atamla 2017-ci ildə ayrılıb.

2018-ci ildə isə Şikar adlı şəxslə ailə qurdu. Sonra bir qardaşım dünyaya gəldi. Anam həmin vaxtdan Əliyanlı kəndində ev tikdiririb. Şikarla anam son vaxtlar tez-tez dalaşırdı, ayrılmaq istəyirdilər".

Fatimə qeyd edib ki, iyulun 23-də Şikar Əliyanlı kəndində olan yeni evə gəlib, anası Cəmilə ilə mübahisə edib, anasını döyüb: "Bu vaxt anamın qolundan tutdum. Şikara dedim ki, anamı burax, buradan uzaqlaş. Şikar bıçaqla məni vurdu".

Şahid qismində ifadə verən Cəmilənin sözlərinə görə, 2017-ci ildə torpaq sahəsi alıb və həmin torpaqda fərdi yaşayış evi tikdirməyə başlayıb: "Amma həmin evdə yaşamırdım. 2018-ci ildə Şikarla ailə həyatı qurdum. 2021-ci ilin dekabrında Şikarla münasibətlərimiz pisləşməyə başladı. Onun mənə xəyanətini tutduğum vaxtdan münaqişəmiz başladı. Evin təmiri üçün alimentin pulundan verirdim. Şikar evin tikinti, təmir üçün heç bir pul xərcləməyib".

Məhkəmənin hökmü ilə Şikar 4 ay müddətinə azadlıqdan məhrum eidlib.


Oxunma sayı: 5886

Oxşar yazılar