ABŞ Dövlət Departamenti: Türkiyə mühüm təhlükəsizlik tərəfdaşıdır

  • 09:04 - 08 Dekabr

ABŞ NATO üzrə əsas müttəfiqi olan Türkiyənin müdafiə ehtiyaclarını ödəməyə hazırdır. 

Avropa.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın müdafiə büdcəsinin yekun mətnindən F-16-ların Türkiyəyə satışını məhdudlaşdıran maddələrin çıxarılmasını şərh edərkən deyib. 

“Əlbəttə, Türkiyə NATO-nun mühüm müttəfiqi, təhlükəsizlik üzrə mühüm tərəfdaşıdır. Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi mürəkkəb təhdidlərlə mübarizə aparmaq üçün lazım olanı təmin etmək istəyirik”- deyə o bildirib. 

Prays diqqəti ona yönəldib ki, heç bir NATO müttəfiqi öz ərazisində Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. 

"Bu baxımdan Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Vaşinqton üçün böyük əhəmiyyət kəsb edir", - deyə Prays qeyd edib. 

Prays daha sonra xatırladıb ki, prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden Madriddə keçirilən NATO sammitində mövzunu müzakirə ediblər. 

“Əlbəttə, biz Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu davam etdirmək üçün lazım olan müdafiə imkanlarına malik olmasını təmin etməyə çalışırıq”, - o əlavə edib. 

Xatırladaq ki, 2023-cü Maliyyə İli üçün Milli Müdafiə Səlahiyyəti Qanununun (NDAA) yekun mətni daha əvvəl Nümayəndələr Palatasının Türkiyənin F-16-ların alışını məhdudlaşdırmaq üçün təqdim etdiyi maddələri ləğv edib. 

ABŞ Konqresinin müvafiq komitələri 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini razılaşdırıblar. 

Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 döyüş təyyarəsi və xidmətdə olan 80 təyyarə üçün təkmilləşdirmə dəsti istəyir. 

Döyüş təyyarələrinin və komponentlərinin Türkiyəyə təhvil verilməsini qadağan edən düzəlişlər qanun layihəsinə Demokrat senatorlar Bob Menendez və Kris van Hollen tərəfindən daxil edilib.


Oxunma sayı: 3026

Oxşar yazılar