İran prezidenti tələbələrin qarşısına çıxdı - Rəisi ölkədə hökumət əleyhinə etirazları dinləməyə ÇAĞIRDI

  • 16:17 - 07 Dekabr

İran prezidenti İbrahim Rəisi ölkədə hökumət əleyhinə etirazları dinləməyə çağırıb. 

Avropa.info xəbər verir ki, İRNA xəbər agentliyinin məlumatına görə, Rəisi iranlı tələbələrin Milli Günü münasibətilə universitet tələbələri qarşısında çıxış edib. 

Prezident ölkədə üç aya yaxındır davam edən etiraz aksiyaları zamanı İranın ali dini lideri Əli Xamneyinin ünvanına “Lənət olsun diktatora!” şüarının işlədilməsini tənqid edib. 

“ABŞ qətiyyən güclü İran istəmir. Onlara işğal etdikləri Əfqanıstan, Suriya və ya Liviya eybi lazımdır. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-a sui-qəsdi həyata keçirmək imkanı verməyəcək”, - Rəisi vurğulayıb. 

O bildirib ki, etirazla iğtişaş arasında böyük fərq var: “Etirazçılar konstruktivdir, iğtişaş isə dağıdıcıdır. Etirazlara qulaq asmaq lazımdır”. 

Rəisi əmin edib ki, inflyasiyanın azalması ilə paralel olaraq İran əhalisinin vəziyyəti də yaxşılaşacaq. 

Qeyd edək ki, sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı İranda başlayan genişmiqyaslı etiraz aksiyaları davam edir. 

Sentyabrın 24-də dövlət televiziyasının yaydığı məlumatda deyilir ki, zorakılıq aktlarına çevrilən etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla azı 41 nəfər həlak olub. 

Eyni zamanda, nümayişlər zamanı insanların həlak olması ilə bağlı rəsmi orqanlardan heç bir aydın məlumat alınmayıb. 

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) etirazlar zamanı 200-dən çox insanın öldüyünü bildirib. 

İran mediası iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin 60-a yaxın əməkdaşının həlak olduğunu bildirib.


Oxunma sayı: 2344

Oxşar yazılar