Türkiyədən Yunanıstana ULTİMATUM: "Ya razılaşmaya əməl edin, ya da lazım olanı edəcəyik!"

  • 14:14 - 06 Dekabr

Afina beynəlxalq müqavilələrə əsasən, silahsızlaşdırılmış zona hesab edilən adalarda silah yerləşdirməkdən imtina etməlidir. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Ankarada rumıniyalı həmkarı Boqdan Auresku ilə birgə mətbuat konfransında deyib. 

“Türkiyə ona qarşı təhdidlərə məhəl qoymayacaq. Rüzgar əkən, fırtına biçər! Əgər Yunanıstan regionda sülhün bərqərar olmasına qarşı çıxsa və geri addım atmasa, Türkiyə bütün lazımi addımları yerində atacaq”, - nazir xəbərdarlıq edib. 

Türkiyə diplomatiyasının rəhbəri Yunanıstanın razılaşmalara əsasən silah yerləşdirilə bilməyən adalar ərazisində keçirdiyi hərbi təlimlərə diqqət çəkib. 

Çavuşoğlu daha sonra İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi mövzusunu şərh edib. 

Nazir vurğulayıb ki, Ankara həmişə Alyansın genişlənməsini dəstəkləyib, “ancaq təəssüf ki, terrorçular yuxarıda qeyd olunan iki ölkədə dəstək alırlar”. 

“İsveçdə hökumət dəyişikliyi ilə bu məsələdə müsbət irəliləyişlər oldu. Türkiyəyə qarşı silah embarqosunun ləğvi elan edilib. Finlandiyaya gəlincə, Ankara ilə bağlı məhdudiyyətlərlə bağlı Helsinkidən hələlik oxşar bəyanat eşitməmişik, lakin bunu gözləyirik. Vurğulamaq istərdim ki, Türkiyə bu iki ölkə arasında yanaşmalarda heç bir fərq qoymur. Eyni zamanda, Türkiyənin Finlandiya ilə İsveçlə müqayisədə daha az probleminin olduğunu etiraf etmək lazımdır”, - Çavuşoğlu bildirib. 

Türkiyəli nazir vurğulayıb ki, Türkiyənin iki ölkənin NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı yekun qərarı tamamilə təhlükəsizlik sahəsində öhdəliklərin yerinə yetirilməsindən asılıdır.


Oxunma sayı: 2289

Oxşar yazılar