İranın Zəngəzur dəhlizi XOFU: Tehran rejiminin ritorikası dəyişmir - ŞƏRH

  • 09:35 - 06 Dekabr

İranın İRNA dövlət agentliyi Azərbaycan əleyhinə növbəti geniş məqaləsini yayımlayıb. Məqalədə yazılıb ki, İrandan əvvəl Azərbaycan Türkiyə və Pakistanla birgə Naxçıvanda hərbi təlimlər keçirib və bu Ermənistana qarşı olub. 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Avropa.info-ya bildirib ki, İRNA agentliyi məqaləsində dolayısıyla etiraf edib ki, Tehran Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi eyniləşdirir. 

"Bunu məqalədə belə bir cümlədən də anlamaq olar: “İranın Azərbaycanla sərhəddəki təlimləri bölgə ölkələrinin (oxu: Ermənistanın) ərazi bütövlüyünə dəstək əhəmiyyəti daşıyırdı”. Məqalədə o da etiraf edilib ki, İran Azərbaycanın Ermənistana qarşı iddialarına qarşıdır və Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirir. “İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq” yazılan məqalədə yenə də Azərbaycanın İsraillə sıx əlaqələrinin guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanıb",- deyə o bildirib. 

Elxan Şahinoğlu qeyd edib ki, Tehranın prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlılar hüquqları barədəki çıxışlarından narahat olduğu İRNA agentliyinin məqaləsində də hiss olunur: 

"Məqalənin sonunu nikbin notlarda bitirməyə çalışıblar, yazıblar ki, guya İran Azərbaycanla dost münasibətlərə çalışır.

Beləliklə, İran rəsmiləri və deputatları Azərbaycana qarşı davamlı təxribatçı açıqlamalardan sonra estafeti məqalələrə veriblər. Əvvəlcə ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı məqalə yazdı, ikibaşlı cümlələrdən istifadə etdi, ardınca da İRNA bu mövzuya toxundu. Dəyişən heç nə yoxdur, eyni ritorikadır – Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək. Biz də bunun tərsini edirik – İrandakı dəyişikliklərə dəstək, İsraillə sıx əlaqələr və Tehrana adekvat cavablar vermək..."


Oxunma sayı: 1662

Oxşar yazılar